Accessibility links

NİDA fəallarının məhkəməsi: dəlillər ittihamı təsdiq etmir


Zaur Qurbanlı, N!DA Vətəndaş Hərəkatı
Zaur Qurbanlı, N!DA Vətəndaş Hərəkatı

NİDA-çılar kabinələrinə bibər qazı buraxıldığını deyib

Aprelin 3-də NİDA fəallarının işi üzrə məhkəmədə təqsirləndirilən şəxslər ilk növbədə hakimin diqqətinə çatdırıblar ki, çərşənbə axşamı keçirilən prosesdən sonra avtomobildə onların olduğu kabininəyə bibər qazı buraxılıb.

Təqsirləndirilən Zaur Qurbanlı bildirib ki, bu, Kürdəxanı istintaq təcridxanasının girəcəyində baş verib. Avtomobil naməlum səbəblərdən dayanıb, maşında havalandırma sistemi isə söndürülüb. Ürək xəstəliyi və astmadan əziyyət çəkən İlkin Rüstəmzadə və Zaur Qurbanlı özlərini pis hiss ediblər. Gənclər qapını açmağı xahiş ediblər, lakin buna cavabda baş mühafizəçi onları söyüb.

Məhkumlar qapıya vurmağa başlayıblar, bundan sonra zabit içəriyə qaz püskürdüb.

Nəticədə Qurbanlı huşunu itirib, Şahin Novruzlu isə bu gün hələ də ürəyi bulandığını, yüksək temperaturu olduğunu bildirib.

Penitensiar Xidmət hadisə ilə bağlı araşdırma həyata keçirdiyini iddia edir və eyni zamanda, məhbusların qaydaları pozduğunu bildirir.

Vəkil Əsabəli Mustafayev məhkəmənin hadisəni Sabunçu rayon prokurorluğunun araşdırması haqqında qərar qəbul etməsi barədə vəsatət qaldırıb, belə ki, baş verənləri işgəncə hesab etmək olar. Lakin hakim vəsatəti əsassız hesab edib.
Daha sonra təqsirləndirilən şəxs Üzeyir Məmmədli ifadə verib.

O bildirib ki, NİDA Hərəkatı 2011-ci ilin fevralında Azərbaycanda demokratikləşməyə yardım məqsədilə yaradılıb və hakimiyyətə gəlməyi qarşısına məqsəd qoymayıb.

Hərəkat tələbələr arasında maarifləndirmə fəaliyyəti həyata keçirir, vətəndaşların hüquqlarının müdafiəsinə kömək edir, təhsildə korrupsiya problemlərinə diqqət çəkməyə çalışırdı.

Məmmədli qeyd edib ki, NİDA-nın heç vaxt böyük məbləğli layihələri olmayıb və təşkilat nə ölkədaxili, nə də xarici donorlardan qrant almayıb.

Təqsirləndirilən Şahin Novruzlunun evindən guya iğtişaşların təşkili üçün nəzərdə tutulmuş 94 min manat vəsaitin müsadirə edilməsinə toxunan Məmmədli bildirib ki, istintaq bu vəsaitin mənşəyi haqqında dəlil təqdim etməyib.

Məmmədli istintaqın Amerikanın Milli Demokratiya İnstitutunun fəaliyyətini yoxladığını və bu təşkilatın NİDA-ya maliyyə vəsaiti ayırdığını müəyyən etmədiyini deyib.

Məmmədli həmçinin 28 fevral 2013-cü ildə təqsirləndirilən şəxslərin 10 mart aksiyası zamanı iğtişaşları planlaşdırmaq üçün “Venesiya” kafesində toplaşdıqlarını da təkzib edib.
Məmmədli bildirib ki, ona qarşı irəli sürülən bütün ittihamlar Məmməd Əzizovun həbsdən sonra ilk günlərdə işgəncə altında verdiyi ifadələrə və Anar Abbasov adlı şəxsin ifadələrinə əsaslanır.

Facebook-da əsgər Allahverdiyevin ölümünə qarşı etiraz aksiyası keçirilməsi məsələsi müzakirə edilib. Amma biz bu problemə diqqət çəkmək üçün razılaşdırılmış aksiyanı daha yaxşı təşkil etməyi qərara aldıq. Şəhər hakimiyyəti xəbərdarlığımıza cavab vermədi. Biz artıq facebook vasitəsilə elan edilmiş 10 mart etiraz aksiyasında iştirak etmişik, amma heç bir iğtişaş olmayıb. Ümumilikdə 198 nəfər saxlanılıb və heç kim cinayət məsuliyyətinə cəlb edilməyib.

Məmmədli NİDA-nın məqsədlərinə qismən nail olduğuna diqqət çəkib – seçkilərdən sonra müdafiə naziri dəyişdirilib, əsgərlərin problemlərinə diqqət artıb və indi artıq cəbhədə həlak olan əsgərlər hörmətlə dəfn olunur, medallarla təltif olunur.

Məmmədli sonda bildirib ki, bütün ittihamları təkzib edir və onları siyasi motivli hesab edir.

Daha sonra Zaur Qurbanlı ifadə verib, o, şahid olduğuna diqqət çəkib və dəmir barmaqlıqlar arxasından çıxarılmasını xahiş edib. Hakim buna icazə verib, lakin Qurbanlıya qandal taxıblar.

Qurbanlı ittihamdan hansı cinayəti törətdiyinin aydın olmadığını bildirib.

Onun, Üzeyir Məmmədli və Rəşadət Axundovun barəsində hətta bir böhtanlı saxta dəlil belə yoxdur.

“Öz təqsirsizliyimi sübut etməməliyəm. Amma bu, müstəqil məhkəmədə olur. Buna görə mən ifadə vermək və ittihamın əsassız olduğunu göstərmək məcburiyyətindəyəm”, deyə Qurbanlı qeyd edib.

Bu zaman o, müttəhimlərin “mütəşəkkil cinayətkar qrup” adlandırılmasının əsassız olduğunu bildirib. İş materiallarından məhz kimin “mütəşəkkil qrup” olduğu və qrupa kimlərin daxil olduğu aydın deyil.

Mütəşəkkil cinayətkar qrupun əlaməti müəyyən müddət ərzində sabit fəaliyyət, səlahiyyətlərin dəqiq şəkildə paylanması və s.-dir.

Bu əlamətlərdən heç biri yoxdur. Səkkiz təqsirləndirilən şəxs bir dəfə belə bir yerə toplaşmayıblar.

Qurbanlı həmçinin bildirib ki, istintaq ilk olaraq gəncləri qanunsuz partlayıcı maddə saxlamaqda ittiham edirdi. Müdafiə tərəfi “Molotov Kokteylinin” partlayıcı maddə olmadığını qeyd etdikdən sonra isə bu şüşələr birdən-birə “aksessuara dönüb”.

Daha sonra Qurbanlı “Venesiya” kafesində olmadığını isbat etmək üçün 28 fevral 2013-cü ildə bütün gördüyü işlərin xronikasını tərtib edib. “Venesiya”da görüş olmayıbsa, deməli cinayət hadisəsi də olmayıb, deyən Qurbanlı məhkəmədən bütün təqsirləndirilənlərə bəraət verməyi xahiş edib.

Vəkillər Qurbanlının məhkəmə qarşısında əli qandallı dindirilməsini Avropa İnsan Hüquqları Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndiriblər. Daha sonra vəkil Xalid Bağırov müttəhimlərin təqsirsizliyinin rəsmi məlumatlara və KİV-də yayılmış məlumatlara əsaslanan bir çox dəlillərini məhkəməyə təqdim edib.

Xüsusən, əsgər Seymur Allahverdiyevin ölümü 28 fevral saat 15.30-da baş verib.

Bu, o deməkdir ki, 28 fevral saat 15.00-da təqsirləndirilən şəxslər onun ölümünə qarşı etiraz aksiyası keçirilməsini müzakirə edə bilməzdilər.

KİV-də əsgərin ölümü haqqında məlumat yalnız martın 1-də səhər yayılıb. Bundan sonra sosial şəbəkələrdə mövzunun fəal müzakirəsi başlayıb və martın 10-na etiraz aksiyası təyin edilib. Aksiya haqqında ilk informasiya 1 mart saat 15:00-da KİV-də yayılıb.

Bağırov həmçinin Məmmədli və Qurbanlının fevralın 28-də “Venesiya” kafesində olmadığını təsdiq edə biləcək şəxslərin siyahısını təqdim edib.

“Mən bu şəxslərin ifadələrini almışam, amma onların dəlil olması üçün məhkəmə onları dindirməlidir”, deyə Bağırov bildirib.

Hakim Hüseynov bu vəsatətə baxmayıb və növbəti iclası aprelin 4-nə təyin edib.
XS
SM
MD
LG