Tehranlı müdafiə vəkili və insan haqları fəalı Nəsrin xanım Sutudə hicab qaydalarını pozmaq ittihamı ilə mühakimə edilən zaman iclasın gedişinə etiraz etdiyinə görə ona 5 gün həbs cəzası verilib. Xanım Sutudənin həyat yoldaşının BBC-yə verdiyi məlumata görə, ittihamının səbəbi onun bir beynəlxalq konfransa göndərdiyi video mesajdır. Həmin video lentdə xanım Sutudənin başı açıq olub.
İranın Bəşər Haqları Fəallarının Xəbər Agentliyi HARANA "Təğyir Bərayi Bərabəri" saytına istinadən yazır ki, Sutudə xanımın məhkəmə iclası açıq keçirilsə də onun vəkil dostlarının birinə məhkəməyə daxil olmağa icazə verilməyib. Eyni zamanda, Nəsrin xanım məhkəmənin videolentə alınmasına etiraz edib. Hakim etirazı qəbul etməyib və ona bu etirazlara göra 5 gün həbs cəzası verib.
Nəsrin Sutudə təqribən dörd aydır "ölkənin təhlükəsizliyinə hədə təşkil etmək" ittihamı ilə Tehranın Evin həbsxanasında saxlanır. O, bu müddətdə iki dəfə aclıq aksiyası keçirib. Bunların birində 28 gün, digərində isə 9 gün aksiyaya davam edib. Nəsrin xanım onun həbsinə səbəb kimi göstərilən əsl ittihamı "ölkənin təhlükəsizliyinə hədə təşkil etmək"dən birinci dəfə bir ay əvvəl inqilab məhkəməsində mühakimə olunub. Ancaq həmin ittihamla bağlı mühakimənin növbəti iclası barədə məlumat yoxdur.
Nəsrin xanım Sutudə Nobel Sülh mükafatı laureatı Şirin İbadinin və başqa fəalların vəkili olub. Onun, həbsi və aclıq aksiyaları həm xaricdəki iranlıların həm də beynəlxalq ictimaiyyətin reaksiyasına səbəb olub.