Milli Şura parlament seçkilərində iştirakdan imtina edib

Milli Şura

Demokratik Qüvvələrin Milli Şurası parlament seçkilərində iştirak etməkdən imtina edib.

Milli Şuranın sentyabrın 10-da qəbul etdiyi sənəddə deyilir ki, hətta yarım azad və ədalətli seçkilərin keçirilməsi üçün əlverişli şəraitin olmadığını nəzərə alaraq Milli Şura 1 noyabr 2015-ci il tarixində keçiriləcək parlament “seçkiləri”ni legitimləşdirmək üçün vasitə olmaqdan və seçki imitasiyasında iştirakdan imtina edir.

Milli Şura bu il avqustun 19-da ölkədə seçkiqabağı durumu qiymətləndirən hesabat və seçkiqabağı mühiti nisbətən demokratikləşdirmək üçün aşağıdakı təkiliflərlə çıxış edib.

- Repressiyalar dayandırılmalı, siyasi məhbuslar dərhal azad edilməli, siyasi rəqiblərə və fikir müxtəlifliyinə qarşı təqiblərə son qoyulmalıdır;

- Real müxalifət qüvvələrinin fəaliyyətinə yaradılan qanunsuz maneələr aradan qaldırılmalı, siyasi hüquqların məhdudlaşdırılmasına son qoyulmalı, sərbəst toplaşmaq azadlığı ölkənin bütün ərazisində təmin edilməlidir;

- Müstəqil mətbuata qarşı təzyiqlər dayandırılmalı, jurnalistlərin peşə fəaliyyətinə görə üzləşdikləri qanunsuzluqlara son qoyulmalı, TV-lərdə azad debatlar üçün şərait yaradılmalı, müxalif namizədlər üçün ayrılmış pulsuz efir vaxtı artırılmalı, namizədlər üçün Azərbaycan reallığına uyğun pullu efir vaxtı təmin edilməlidir.

- Seçki Komissiyalarının tərkibi real müxalifətin iştirakı ilə yenidən formalaşdırılmalı, namizədlərin qeydiyyatı proseduru sadələşdirilməli və bununla bağlı yaradılan süni əngəllər aradan qaldırılmalı, depozitlə namizədliyin qeydə alınması təmin edilməli, müşahidəçilərin səslərin sayılması prosesində iştirakı və protokolların əsli ilə təmin edilməsi həll olunmalıdır.

Milli Şura bəyan edir ki, sadalanan problemlər olduğu kimi qaldığından bu seçkinin nəticələrinin Prezident Adminstrasiyasında müəyyən ediləcəyinə heç bir şübhə ola bilməz.

Öz növbəsində rəsmi Bakı seçkiqabağı durumu demokratik və ədalətli sayır. Dövlət rəsmiləri seçkilərin azad, ədalətili və demokratik keçiriləcəyini vəd edir.

Bununla yanaşı, beynəlxalq qurumlar seçkiqabağı durumun beynəlxalq standartlara uyğun gəlmədiyini, hökumətin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun tövsiyələrini yerinə yetirmədiyini bildirir.