Prokuror Orxan Zeynalova 18 il həbs istəyib

Orxan Zeynalov Rusiya daxili işlər nazirinin otağında

Prokuror Azərbaycan vətəndaşı Orxan Zeynalovun Rusiya vətəndaşı Yeqor Şerbakovun qətlində təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyir.

Rusiyanın İTAR TACC agentliyinin məlumatına görə bu barədə prokuror bu gün Moskva şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib.

“İttiham tərəfi Zeynalovun Şerbakovun qətlində təqsirli olduğundan əmindir. O, soyuqqanlılıqla Şerbakovu qətlə yetirib”, deyə dövlət ittihamçısı bildirib.

“10 ilini həbsxanada, qalanını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 18 il azadlıqdan məhrumetmə cəzasına məhkum etməyi xahiş edirəm”, deyə o bildirib.

29 yaşlı Zeynalov xuliqanlıq niyyəti ilə qətl törətməkdə ittiham olunur.

Şerbakovun qohumları müttəhimə 5 mln. rubl dəyərində mülki iddia irəli sürüblər. Zeynalov bu tələbləri qəbul etmir.

İstintaqın versiyasına görə, 2013-cü il oktyabrın 10-da Zeynalov sərxoş vəziyyətdə kiçik səbəbdən 25 yaşlı Moskvalı Yeqor Şerbakovla münaqişə yaradıb. İnsident Vostryakovski keçidində baş verib. Dava zamanı Zeynalov bıçaqla Şerbalovun döş qəfəsinə və bel nahiyəsinə xəsarət yetirib və hadisə yerindən qaçıb gizlənib. Gənc aldığı xəsarətlərdən yerindəcə ölüb.

Oktyabrın 13-də yerli sakinlər Biryulevoda yığışaraq qatilin tapılıb cəzalandırılmasını tələb ediblər. Kortəbii mitinq iğtişaşa çevrilib, hadisə zamanı 400 nəfər saxlanılıb. Oktyabrın 15-də qətldə şübhəli bilinən Zeynalov Kolomnada saxlanılıb.