Xədicə İsmayılovanın anası vəfat etdi

Elmira İsmayılovanın 2016-cı il martın 7-də Amerikanın Səsinə verdiyi müsahibəni təqdim edirik

Araşdırmaçı jurnalist Xədicə İsmayılovanın anası Elmira İsmayılova martın 7-də İstanbulda xəstəxanada dünyasını dəyişib. Xədicə İsmayılovanın ölkədən çıxışına qadağa qoyulduğundan jurnalist anasının son anında yanında ola bilməyib.

İsmayılova xəstəxananın anasının durumu ilə bağlı arayışını rəsmi qururmlara təqdim edib və müvəqqəti də olsa, ölkədən çıxışına icazə istəyib.

"Mənim müraciətlərim nəticəsiz qaldı. Anamın son anında yanında ola bilmədim," jurnalist deyib.

Elmira İsmayılova iki il öncə, 2016-cı il martın 7-də Amerikanın Səsinə müsahibə verib. O, müsahibəsində Xədicəni və qadınları bayram münasibəti ilə təbrik etmişdi. İki il sonra elə həmin gün də dünyaya gözlərini əbədi yumub. Elmira İsmayılovanın təbrik və azadlıq arzuları ilə dolu həmin müsahibəni təqdim edirik.

Your browser doesn’t support HTML5

Elmira İsmayılova: Xədicə kimi cəsur olun – azadlıq günəşi yaxındadır

X.İsmayılova 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalistə vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israfetmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.

Jurnalist bütün ittihamları rədd edib, məhz korrupsiya araşdırmalarına görə həbs olunduğunu bəyan edib.

2016-cı il mayın 25-də X.İsmayılova Ali Məhkəmənin qərarı ilə həbsdən buraxılıb. Məhkəmə onun cəzasını 3 il 6 ay şərti cəza ilə əvəz edib. İki maddə - 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) üzrə ittiham onun üzərindən götürülüb.

Mənim müraciətlərim nəticəsiz qaldı. Anamın son anında yanında ola bilmədim.

Bundan sonra Vergilər Nazirliyi Xədicə İsmayılovadan 63 min 138 manatlıq vergi borcunun tutulmasına dair iddia qaldırıb. Bu iddia üzrə 2018-ci il fevralın 28-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hazırlıq iclası olub. Məhkəmə baxışı martın 14-nə təyin edilib.

X.İsmayılova 2008-ci ilin iyulundan 2010-cu ilin oktyabrına qədər "Azadlıq" radiosunun Bakı bürosunun rəhbəri olduğu dövrdə 45 min 145 manatlıq mənfəət vergisini büdcədən yayındırmaqda günahlandırılıb. Ona həm də işçilərlə əmək müqaviləsi yox, xidməti müqavilə bağlamaqla onlara 14%-lik gəlir vergisi deyil, 4%-lik sadələşdirilmiş vergi ödəmək şəraiti yaratmaqla 10%-lik fərqi - ümumilikdə 17 min 992 manatı israf etməyə görə ittiham irəli sürülüb.

Hüquqşünas Yalçın İmanov məhkəmə iclasında bildirib ki, Ali Məhkəmə X.İsmayılovaya Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israfetmə) maddəsi ilə bəraət verib. Bu baxımdan 17 min 792 manatlıq məsələ qüvvəsini itirib.

"İkincisi, Vergilər Nazirliyi Xədicə İsmayılovadan tələb etdiyi pulu "AzadlıqRadiosunun Azərbaycan nümayəndəliyindən də tələb edir. Mənfəət vergisinin yayındırılmasına gəlincə, AzadlıqRadiosu qeyri-kommersiya təşkilatıdır, mənfəət əldə etmir. Belə olan halda, necə mənfəət vergisinin obyekti ola bilər?" o sual edib.

Vergilər Nazirliyinin müraciəti əsasında X.İsmayılovanın bank hesabına həbs qoyulub.