Amerikalı senator Marko Rubio həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri və iqtisadçı alim Qubad İbadoğlunun dərhal azadlığa buraxılmasına çağırınb.
“Azərbaycanlı müxalifət lideri və iqtisadçı Qubad İbadoğluna qarşı əsassız cinayət ittihamı irəli sürülüb və tibbi yardımdan məhrum edilib.
Cənab İbadoğlunun yeganə “günahı” həqiqəti söyləmək olub. O, dərhal azad edilməlidir” o, X(keçmiş Twitter)-də yazıb.
Bundan bir müddət öncə isə senator Ben Kardin həbsdə olan iqtisadçı alim Qubad İbadoğlunun dərhal azadlığa buraxılmasına çağırıb.
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.
Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.
Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Bu günədək bir sıra ölkələr və beynəlxalq təşkilatlar İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.