Leyla Yunus Azərbaycanın “Maqnitski siyahısı”nı hazırlayıb

Leyla Yunus

Hüquq müdafiəçisi iyunun 23-də siyahını təqdim edəcək
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus iyunun 23-də Repressiyalara Müqavimət Mərkəzinin ilk “Maqnitski Siyahısı”nın Azərbaycan versiyasının təqdimatını keçirəcək.

2012-ci ilin dekabrında ABŞ insan hüquqlarının və qanunun aliliyinin pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı fərdi sanksiyalar tətbiq edən Maqnitski Aktı qəbul edib. Qanuna əsasən, istintaq təcridxanasında Hermitage Capital investisiya fondunun auditoru Sergey Maqnitskinin öllümündə əli olduğu ehtimal olunan 60 rus məmurundan və hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət Maqnitski siyahısı tərtib edilib.

Məmurların adları açıqlanmır. Siyahını Amerika senatoru Bencamin Kardin tərtib edib. Siyahıya adı düşmüş şəxslərə qarşı fərdi sanksiyalar tətbiq edilir, insan hüquqlarının pozulması ilə əlaqədar onlara ABŞ-a səfər etmək qadağan edilir. Maliyyə sanksiyaları da tətbiq edilə bilər.
Azərbaycanda hakimiyyətin rəqibləri dəfələrlə insan hüquqlarını pozan Azərbaycan məmurları, hakimləri və s. barəsində də “Maqnitski Siyahısının” tətbiq edilməsi məsələsini qaldırıblar.