İlan Berman: Azərbaycan və İsrailin dərin ümumi maraqları var

  • Əsgər Möhsümoğlu
Amerika Xarici Siyasət Şurasının vitse-prezidenti İlan Berman Amerikanın Səsinin Azərbaycan xidmətinə müsahibədə İsraillə Azərbaycan arasındakı hərbi və siyasi təmaslar haqda düşüncələrini paylaşıb. Onun sözlərinə görə Azərbaycan və İsrailin milli maraqları diktə edir ki, bu iki dövlət bir-biri ilə təhlükəsizlik sahəsində sıx əməkdaşlıq etsinlər.

Sual: “Foreign Policy” onlayn jurnalı dərc etdiyi son məqalədə Azərbaycanı İsrailin gizli hərbi platsdarmı kimi təsvir edir. Yazıda deyilir ki, əgər İsrail İrana qarşı hava zərbələri endirərsə, İsrail və Azərbaycanın əldə etdiyi razılıq Azərbaycan aerodromlarından istifadə etməyə imkan yaradır. Bu iddialar nə dərəcədə həqiqətə uyğundur?

Cavab: Bu iddialar üç mühüm cərəyanı üzə çıxarır. Birincisi budur ki, Türkiyə ilə strateji boşanmanın ardınca İsrail ciddi surətdə özünə yeni və əvəzləyici müttəfiqlər axtarır. Azərbaycan elə bir ölkədir ki, onunla İsrail hərbi və sənaye sahələrində əməkdaşlıq edə bilər. İkincisi, Türkiyə ilə münasibətlərin korlanması İsrailin İrana hücum imkanlarını sərt şəkildə məhdudlaşdırıb. İsrail mümkün hərbi seçimləri nəzərdən keçirir, və Azərbaycan strateji baxımdan elə bir mövqedədir ki, arzulayarsa, İsrailə bu yardımı göstərə bilər. Üçüncüsü, İranla Azərbaycan arasında son zamanlar münasibətlərin gərginləşməsi müşahidə olunur. Belə görünür ki, rəsmi Bakı İranla münasibətlərində daha ötkəm olmağa çalışır. Birlikdə, bu faktorlar iki ölkənin tərəfdaşlığı üçün münbit zəmin yaradır.

Sual: Azərbaycan və İsrail son vaxtlarda hərbi əməkdaşlığı gücləndiriblər. Bu yaxınlarda Azərbaycan İsraillə 1.6 milyard dollarlıq hərbi saziş imzaladı. Geosiyasi reallıqları nəzərə alaraq, İsrail və Azərbaycanı təbii müttəfiq kimi təsvir etmək olarmı? Bu ölkələrin müştərək maraqları nə dərəcədə çoxdur?

Cavab: Ümumi maraqlar düşünüldüyündən də dərinə gedir. Bunun bir neçə səbəbi var. Əvvəla, İranın şimalında çox sayda etnik Azərilərin mövcudluğu İran və Azərbaycan arasında gərginlik mənbəyidir. İslam Respublikası, sakit yollarla da olsa, uzun müddət Azərbaycan siyasətinə müdaxilə etməyə can atıb. Eyni zamanda, Azərbaycan da İsrail kimi geosiyasi baxımdan regionda özünə rol və etibarlı müttəfiq axtarır. Bütün bu faktorlar zənnimcə məhsuldar əməkdaşlığın bünövrəsini təşkil edir.


Sual: Məqalədə yazılandan belə aydın olur ki, ABŞ kəşfiyyatçıları İsrailin İrana qarşı hücum planından məmnun deyillər və ələlxüsusus Azərbaycandan bu məqsədlə istifadə olunmasını istəmirlər. Siz bu məlumatı necə yozursunuz?

Cavab: Aydındır ki, Obama administrasiyası İsrailin İrana qarşı birtərəfli hücumundan narahatdır. Bu baxımdan İsrail-Azərbaycan təmasları Vaşinqtondakıları nigaran edir. Ümumən götürdükdə, Azərbaycanın geosiyasi və coğrafi mövqeyinə İran kontekstindən və ABŞ-ın İranın nüvə silahı əldə etməsinin qarısını almağa çalışması kontekstindən baxmaq lazımdır. İranla bağlı problemin mühümlüyü Azərbaycanın da əhəmiyyətini artırmış olur.

Sual: Məqalədə Azərbaycan hökuməti mafiaya bənzər struktur kimi təsvir olunur. Azərbaycandakı rejim xalqından oğurlayan və onu əzən kleptokratiya kimi təqdim olunur. Sizcə İsrailin belə bir hökumətlə ittifaq qurması nə dərəcədə müdrik addımdır?

Cavab: Aydındr ki, Əliyev hökuməti repressiv və avtoritar cərəyanlara malikdir. O, da doğrudur ki, ideal dünyada İsraillə Azərbaycan arasında müşahidə etdiyimiz strateji tərəfdaşlıq mövcud olmazdı. Amma dünya ideal deyil. İranla üz-üzə qalan İsrailə müttəfiq lazımdır. Əliyev rejiminin mahiyyətindən asılı olmayaraq, Azərbaycanın coğrafi mövqeyi və İsraillə ümumi maraqları diktə edir ki, bu ittifaq nəinki stabil olacaq, həm də tədricən çiçəklənəcək.