Kristofer Voker: Azərbaycan hökuməti jurnalistlərə qarşı repressiyaları intensivləşdirib

  • Amerikanın səsi

Freedom House təşkilatının Strategiya və Təhlil üzrə vitse-prezidenti Kristofer Voker Amerikanın Səsinə müsahibədə sabiq Sovet məkanında azad mətbuatın durumunun ağırlaşdığını deyib. Qeyri-Baltik Sovet məkanında o, Gürcüstan və Moldova istisna olmaqla, bütün başqa sabiq Sovet respublikalarında, o cümlədən Azərbaycanda, azadlıqların məhdudlaşdırıldığını vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan hökuməti jurnalistlərə qarşı repressiyaları intensivləşdirməklə “azad olmayan” ölkə kateqoriyasında mövqeyini möhkəmləndirib. Basqılara nümunə olaraq Kristofer Voker Azadlıq Radiosunun jurnalisti Xədicə İsmayılovanın üzləşdiyi video-şantaj əməliyyatını diqqətə çəkib.

Freedom House təşkilatının rəsmisi İlham Əliyev hökumətinin kütləvi media orqanlarına büsbütün nəzarət etməyə çalışdığını və son vaxtlarda bu məhdudiyyətlərin yeni media növlərinə də şamil olunmağa başlanıldığını dilə gətirib. Cənab Vokerin sözlərinə görə dövlətin yayımlama orqanlarına nəzarəti alternativ səslərin eşidilməsinə imkan vermir.

Cənab Voker Azərbaycan hökumətinin təbii sərvətlərdən istifadəsi barədə ictimaiyyətə səhih məlumat verilmədiyini və azad medianın məhdud çərçivədə fəaliyyət göstərməsi üzündən neft-qaz resurslarından əldə edilən pulların necə xərclənməsi haqda ictimai təsəvvürün olmadığını vurğulayıb.