"Avropa Yayım Şurası (AYŞ) "Eurovision" Mahnı Müsabiqəsinə ev sahibliyinə hazırlaşan Azərbaycanın ifadə azadlığı sahəsində dəhşətli göstəricilərinə dair öz mövqeyini bildirməlidir," deyə Human Right Watch təşkilatı bəyan edib. Təşkilatın yayımladığı video bəyanatda İlham Əliyev hökumətinin müstəqil jurnalistlərə və dissidentlərə qarşı repressiya kampaniyası tənqid olunur.
Human Rights Watch bildirib ki, AYŞ Dünya Mətbuat Azadlığı Günündə Cenevrədə seminar keçirib. Amma şura Azərbaycan hökumətini söz azadlığı sahəsində törətdiyi qanun pozuntularına görə cavabdeh tutmayıb.
"AYŞ-ın mövcudluğu məhz söz azadlığından asılıdır," deyə Human Rights Watch-un Avropa və Orta Asiya üzrə direktoru Hyu Vilyamson bildirib. “Və şuranın Azərbaycanda pisləşən media azadlıqlarına dair prinsipial, aydın və qəti mövqe bildirməməsi onun bu prinsiplərə sədaqətini sual altına qoyur.”
Human Rights Watch-un Azərbaycan media azadlıqlarının bərbad durumuna dair hazırladığı reportaj dünən AYŞ-ın keçirdiyi seminarda təqdim olunmalı idi. Amma qurum texniki səbəbləri əsas gətirərək bu videonu göstərməkdən boyun qaçırdı. Şura habelə Azərbaycan hökumətinin təqdim etmək istədiyi təbliğat videolarını göstərmədi.
Videoda tanınmış jurnalist İdrak Abbasovun dövlət neft şirkətinə məxsus əməkdaşlar tərəfindən döyülməsi, Azadlıq Radiosunun jurnalisti Xədicə İsmayılovaya qarşı video-şantaj əməliyyatı, və müğənni Camal Əlinin həbsi və döyülməsi təsvir edilir və Azərbaycan hökumətinin bu əməllərlə bağlı fəaliyyəti tənqid olunur.
Bəyanatda vurğulanır ki, İlham Əliyev hökuməti Azərbaycanda söz azadlığına qarşı sistematik repressiya kampaniyası aparır.
Bu arada Avropa Yayım Şurası qarşısında çıxış edən prezident administrasiyasının təmsilçisi Əli Həsənov deyib ki, onun hökuməti həbs olunmuş və pis rəftarla üzləşmiş jurnalistlərlə bağlı hadisələri ətraflı şəkildə araşdıracaq. Həsənov həmçinin hökumətinin defamasiyanı dekriminallaşdırmaq vasitələrinə nəzər salacağını deyib.