Accessibility links

Konqresmen Azərbaycan hökumətini jurnalistlərin təqibinə son qoyulmasına çağırır


Konqresmen Hovard Berman hökuməti ciddi araşdırmalar aparmağa və günahkarları cəzalandırmağa çağırır.

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü, konqresmen Hovard Berman prezident İlham Əliyevə məktubunda Azərbaycanda mətbuatın təqib olunması faktlarından narahatlığını bildirib.
3 may Mətbuat Azadlığı Gününə həsr olunmuş məktubda deyilir:
”Mən Azərbaycanda jurnalistlərə qarşı təqib və zorakılıq atmosferinin mövcudluğundan artan narahatlığımı bildirmək üçün yazıram. Son bir neçə ayda baş verən insidentlər sizin ölkədə fikir, ifadə azadlığı məsələsində sürəkli problemin olmasından xəbər verir.
Belə ki, aprelin 18-də beş jurnalist Dövlət Neft Şirkətinin Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən döyülüb. Şirkətin versiyasına görə, qanunsuz tikilən evlərin sökülməsini çəkən “Zerkalo” qəzetinin reportyoru İdrak Abbasov vəhşicəsinə döyülüb. Nəticədə İdrak Abbasov huşunu itirib və 6 saat özünə gəlməyib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və bir gözü ciddi zədələnib. Jurnalist bir ay əvvəl dünyada ifadə azadlığın müdafiə edən Index on Censorship təşkilatının beynəlxalq mükafatını alıb.
Bir ay əvvəl “Azadlıq” radiosunun Azərbaycan xidmətinin əməkdaşı Xədicə İsmayılova öz jurnalist araşdırmasına görə təqib kampaniyasına məruz qalıb. Martın 7-də Xədicə İsmayılova poçtla intim xarakterli fotolarını alıb. O, öz araşdırmalarına son qoymayacağı halda fotoların yayımlanacağı ilə hədələnib. Bir həftədən sonra X.İsmayılovanın videosu vebsaytların birində yerləşdirilib. Bundan əlavə, hökumətyönümlü iki qəzet - “Yeni Azərbaycan” və “İki sahil” qəzetləri jurnalisti gözdən salan məqalələr dərc edib.
Hesab edirəm ki, bütün bunlar X.İsmayılovanı susdurmaq, hökumətdəki korrupsiya faktlarını araşdırmağa son qoyması üçün edilib.

Bu təzyiqlərə baxmayaraq, X.İsmayılova qorxmadan ifadə azadlığı hüququnu müdafiə etməkdə davam edir.
Martın 15-də sizin ofisiniz X.İsmayılovanın şəxsi həyatına müdaxiləni pisləyərək fakt üzrə təhqiqatın başlandığını bildirib.
Mən sizin hökuməti ciddi araşdırmalar aparmağa və günahkarları cəzalandırmağa, həmçinin jurnalistləri gələcək hədələrdən, onların şəxsi həyatlarının pozulmasından qorumağa çağırıram.
İfadə və informasiya azadlığı plüralist cəmiyyətin inkişafında və insan hüquqlarının təminatında mühüm komponentlər sayılır. Onların Azərbaycanda təmin olunması çox vacibdir”,- deyə konqresmenin məktubunda deyilir.

XS
SM
MD
LG