Üç ABŞ konqresmeni Xocalı soyqırımının tanınmasının tərəfdarıdır

Konqresmenlər Cin Qrin, Virciniya Foks, Tim Rayan

Konqresmenlər Xocalıda azərbaycanlıların kütləvi qətlini tanımaq və pisləmək çağırışı ilə çıxış edib
Azərbaycanın Amerikadakı səfirliyinin məlumatına görə, fevralın 25-də ABŞ Nümayəndələr Palatasının iclasında üç konqresmen həmkarlarına 25-26 fevral 1992-ci ildə Xocalıda azərbaycanlıların kütləvi qətlini tanımaq və pisləmək çağırışı ilə çıxış ediblər.

Texasdan konqresmen Cin Qrin bildirib ki, 12 saat ərzində 613 nəfərin, o cümlədən 106 qadın və 63 uşağın qətlə yetirildiyi Xocalı qırğınını xatırlamaq lazımdır.

“Bu hadisələr şokedici olsa da, Xocalı qırğını Azərbaycanın hüdudlarından kənarda, demək olar ki, unudulub. Bu, hər zaman insan hüquqları uğrunda mübarizə aparan ölkəmiz üçün doğru deyil”, deyə o bildirib.

O xatırladıb ki, Azərbaycan müttəfiqlərinin beynəlxalq terrorizmə qarşı mübarizə səylərini dəstəkləyir.

“Vaxtilə Azərbaycan bizim xalqımızı dəstəklədiyi kimi, biz də 613 azərbaycanlının qətlinin unudulmasına imkan verməməliyik.

Həmkarlarımı bu dəhşətli faciəni qeyd etməyə və Azərbaycan xalqına dəstək göstərməkdə davam etməyə çağırıram”, deyə Qrin bildirib.

Şimali Karolinadan konqresmen Virciniya Foks qeyd edib ki, Azərbaycan ABŞ-ın etibarlı dostu və dəyərli müttəfiqidir. Dostluq əhval-ruhiyyəsi Konqresin Xocalı faciəsi qurbanlarının xatirəsini yad etməsini tələb edir.

Xocalı Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşir və təxminən 7000 Azərbaycan vətəndaşının vətəni idi. 25-26 fevral 1992-ci ildə yüzlərlə dinc vətəndaş erməni silahlı qüvvələrinin və rus qoşunlarının əli ilə qətlə yetirilib, deyə o bildirib.

Hüquq müdafiə təşkilatları mülki şəxslərə qarşı qeyri-insani zorakılıq aktlarını təsvir edib, beynəlxalq jurnalistlər isə rayona gedərək, bu cinayətləri işıqlandırıb.
“Bu dəhşətli faciənin 21-ci ildönümü həmin cinayətlərin qurbanlarının xatirəsini anmaq və bu münaqişəyə son qoyulması üçün bütün tərəflərin birlikdə işləməsi zərurəti haqqında düşünmək üçün uyğun zamandır. Həmkarlarımı mənə qoşulmağa və azərbaycanlılar bu faciəni qeyd edərkən, onların yanında olmağa çağırıram”, deyə Foks bildirib.

Ohayo ştatından konqresmen Tim Rayan qeyd edib ki, Xocalı soyqırımı kimi məlum olan faciənin tanınmasında həmkarlarına və bütün dünya insanlarına qoşulur.

“613 dinc azərbaycanlının qətli Cənubi Qafqazın ən yeni tarixində ən dağıdıcı aktlardan biridir. Bəzi məlumatlara görə, iyirmi bir il keçməsinə baxmayaraq, Xocalının 150 sakininin taleyi indiyədək məlum deyil”, deyə Rayan bildirib.