Rusiya prezidenti Dmitri Medvedevin rəsmi veb səhifəsində Kazan görüşündən sonra prezidentlərin birgə bəyanatı açıqlanıb.
Bəyanatda deyilir ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentləri iyunun 24-də Kazan şəhərində görüş keçirmiş və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Baza prinsipləri üzrə razılığın əldə edilməsi üçün işin gedişi ilə tanış olmuşlar.
Prezidentlər baza prinsiplərinin razılaşdırılması üçün şərait yarada biləcək bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmanın yarandığını qeyd ediblər.
Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk qrupunda həmsədr ölkələr olan Rusiya, ABŞ və Fransanın liderlərinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə göstərdikləri diqqətə görə təşəkkür etmiş və Rusiya Federasiyasının prezidentinin razılığın əldə edilməsi üçün göstərdiyi şəxsi səylərə yüksək qiymət vermişlər.