“Forbes jurnalının Ermənistan iqtisadiyyatının dünyada ən pis ikinci iqtisadiyyat olması haqda yazdıqları indiki reallığı əks etdirmir və 2010-cu ilə qədər olan göstəricilərə əsaslanıb”. Bu barədə Ermənistanın maliyyə naziri Vache Gabrielyan Yerevandakı mətbuat konfransında bildirib.
Ermənistan Milli Konqresinin üzvü Qurgen Yegiazaryan isə hökuməti kəskin tənqid edib: “Təklif edirəm ki, bu cür nəticələrdən sonra baş nazir Tiqran Sarkisyan özünü assın”.
Nüfuzlu “Forbes” jurnalı çərşənbə axşamı dərc etdiyi nömrəsində dünyanın ən pis vəziyyətdə olan iqtisadiyyatlarından bəhs edib. “Forbes” a görə, dünyada ən pis iqtisadi vəziyyət Madaqaskardadır, ondan sonra Ermənistan, Qvineya, Ukrayna və Yamayka gəlir.
“Forbes” yazır ki, Ermənistan iqtisadiyyatı 2009-cu ildə 15 faiz kiçilib. Bunun əsas səbəbi dünya iqtisadi böhranı olub. Səbəblərdən biri isə bu olub ki, Rusiya Ermənistanın brilyant emalı sənayesində mühüm rol oynayan brilyant idxalını dayandırıb.