AXCP fəalının sağlamlıq durumu ağırdır

Kəmalə Bənənyarlı

Hüquq müdafiəçisi təcridxanada Kəmalə Bənənyarlıya baş çəkib. Bənənyarlı işgəncəyə məruz qaldığını bildirib
İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov mayın 9-da inzibati qaydada həbs olunanların Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında 30 sutka həbs cəzası almış AXCP fəalı Kəmalə Bənənyarlıya baş çəkib.

O, Amerikanın Səsinə bildirib ki, Bənənyarlı saxlanıldığı vaxt və Nəsimi rayon polis idarəsində tutulduğu zaman zorakılığa məruz qaldığından şikayətlənib.

Lakin təcridxana həkimləri və çağırılmış “təcili yardım” “miqren” diaqnozu qoyub, yəni məhbusun güclü baş ağrılarına bu xəstəlik səbəb olub.

Bununla belə, hüquq müdafiəçisi məhbusun işgəncələr haqqında bəyanatını araşdırmaq xahişi ilə Daxili İşlər Nazirliyinə müraciət edəcək. O, həmçinin Bənənyarlının saxlanıldığı Nəsimi rayon Polis İdarəsinə baş çəkmək niyyətindədir. Bununla belə, Behbudov fəalın karserə yerləşdirilməsi haqqında məlumatları təkzib edib.

Onun sözlərinə görə, Binəqədi təcridxanasında karser yoxdur, Bənənyarlı isə adi kamerada başqa bir qadınla saxlanılıb.

Lakin vəkil Əsabəli Mustafayevin sözlərinə görə, Bənənyarlının vəziyyəti ağır olaraq qalır, müntəzəm olaraq ürəyi bulanır, başı fırlanır. Vəkilin fikrincə, həkimlər Bənənyarlının vəziyyətinə səhlənkar yanaşırlar.
Mustafayev bildirib ki, müdafiə tərəfi apellyasiya məhkəməsində Bənənyarlınıın azad edilməsinə və işgəncə faktlarının araşdırılmasına nail olmaq niyyətindədir.

Kəmalə Bənənyarlı NİDA fəallarının mayın 6-da uzun müddətə həbsə məhkum edilməsinə etiraz aksiyası zamanı həbs edilib.