İranda azərbaycanlı məhbuslardan bir hissəsi zəmanətlə azadlığa buraxılıb

  • Insafəli Hidayət

İranda azərbaycanlı məhbuslardan bir hissəsi zəmanətlə azadlığa buraxılıb

Fəalların çoxuna qarşı ölkə üçün təhlükə yaratmaq məqsədiylə qeyri-qanuni təşkilata üzv olmaq, hakimiyyətin əleyhinə təbliğat aparmaq, asayişi pozmaq məqsədi ilə mütəşəkkil fəaliyyət göstərmək və casusluq fəaliyyətlərinə kömək etmək kimi ittihamlar irəli sürülüb

Təbriz və Ərdəbil zindanlarında məhbus olan İran-azərbaycanlı siyasi və mədəni fəallardan yeddi nəfəri müvəqqəti olaraq, zəmanətlə azadlığa buraxılıb. “Təbriz Səsi” saytı azadlığa buraxlanlardan dördü barədə məlumat yayıb. Onlar Behbüd Quluzadə, Əlirza Əbdullahi, Şəhram Radmehr və Nəim Əhmədidir.

Xəbərdə deyilir ki, onların müvəqqəti olaraq həbsdən azad edilmələri üçün 220 milyon tümən (220 min dollar) zəmanət ödənib. Behbüd Quluzadə 153 gün, Əlirza Əbdullahi 151 gün, Şəhram Radmehr 149 gün və Nəim Əhmədi 128 gün həbsdə saxlanıb. “Güney Azərbaycan” İnternet Portalı yazır ki, "bu fəallar fiziki və mənəvi işgəncələrə məruz qalıb".

“Savalan səsi” saytı yazır ki, onlar Urmiyə, Miyandab, Ərdəbil və Meşginşəhər şəhərlərində saxlanıb və Təbrizin Ettelaat İdarəsinə aparılıblar. Onların hər birinə qarşı 4 ittiham irəli sürülüb. Bu ittihamlar ölkə üçün təhlükə yaratmaq məqsədiylə qeyri-qanuni GAMOH partiyasına üzv olmaq, hakimiyyətin əleyhinə təbliğat aparmaq, asayişi pozmaq məqsədi ilə mütəşəkkil fəaliyyət göstərmək və casusluq fəaliyyətlərinə kömək etməkdən ibarətdir.

Dörd fəaldan əlavə, Zəhra xanım Fərəczadə və Bəhmən Nəsirzadə də bir neçə gün əvvəl azad edilib. Onların hər birinin azadlığa buraxılması üçün 50 milyon tümən (50 min dollar) pul zəmanəti ödənilib.

Xəbər saytları Ərdəbilli Rəhim Gulaminin də azadlığa buraxıldığını yazıb. Həftəlik "Mehri Ərdəbil" jurnalının redaktoru Cənab Gulamiyə qarşı isə iki ittiham irəli sürülüb. Həmin itthamlara görə o 5 il həbsə məhkum olunmuşdu. Amma Cənab Gulami məhkəmənin hökmünə etiraz edəndən sonra, yuxarı məhkəmə (Təcdidi Nəzər) hökmü dəyişərək dövlət əleyhinə təbliğat aparmaq ittihamı ilə ona bir il həbs cəzası verib. O, həbs ediləndən 89 gün sonra azadlığa buraxılıb.

Azərbaycan və fars dillərində müxtəlif xəbər saytlarının məlumatlarına görə hazırda həbsdə qalanların sayı 30-dan çoxdur və onların 10-u dörd aydan uzun bir müddətdən bəri zindandadır. Həbsdə olanların sırasında tanınmış fəallardan Həmidə xanım Fərəczadə 151 gün, Ayət Mehrəlibəyli 168 gün, Aydın Xəcayi 154 gün, Lətif Həsəni 151 gün, Əkbər Azad 150 gün, Heydər Kərimi 137 gün, Mahmud Fəzli 137 gün, Yunus Süleymani 128 gün, Şükrüllah Qəhrəmanifərd 123 gün və Həsən Rəhimibəyat 112 gün müvəqqəti həbsdədir.

Eyni mənbələr bildirir ki, məhbusların bir çoxu vəkil tutmaq imkanından məhrum olub. Təbrizdə Nağı Mahmudi və Abbas Camali adlı vəkillər onların müdafiəsini öz öhdələrinə götürüb. Bu iki Təbrizli vəkildən əlavə, Məhəmmədrza Fəqihi də Tehranda fəalların vəkili idi, amma onların məhbuslarla bağlı bir iş görmələrinə imkan verilməyib.