Azərbaycan dilində mətbuatın problemləri Tehran mediasında müzakirə mövzusu olub

  • Insafəli Hidayət

Şərq qəzeti

Ərdəbilli şair və qəzetçi Səyid Məhəmmədi (Muğanlı) “Şərqə” deyib: “Təəssüflər olsun ki, Türk dili (Azərbaycan dili) İranda siyasiləşib və o qəzet ki, bu dildə nəşr olunur, ona kültür fəaliyyəti kimi yox, siyasi, dövlətə qarşı fəaliyyət kimi baxılır”.

“İran jurnalistlərinin müsibətləri az deyil... Bu arada, əyalətlərdə nəşr olunan mətbuatın müsibətləri isə qat-qat artıqdır... Belə ki, əyalətlərdə az da olsa nəşr olunan Azərbaycan və Kürd mətbuatı daha ciddi problemlərlə üzləşir” Bu barədə Tehranda nəşr olunan “Şərq” qəzeti yazır.

“Şərq” qəzetində əyalət mediasının problemləri ilə bağlı məqalə azərbaycanlı jurnalistlərlə söhbət əsasında yazılıb. Müəllif sual verir ki, əgər qeyri-fars dillərdə medianın böyük problemləri varsa, bunların çapına ehtiyac varmı?

Qəzet sualın cavabında ana dilinin əhəmiyyətini xatırladır: “Çoxları, qeyri-fars dilli mətbuatın qanunla və etik cəhətdən mövcud olması hüququna hörmətlə yanaşmır, bu medianı lazım qəbul etmir. Bundan başqa, yerli mətbuatın ən birinci problemi dil məsələsidir”.

“Şərq” qəzeti Həmədan əyalətinin dövlətin müdaxiləsi nəticəsində bağlanan “Sina” qəzetinin rəhbərinə istinadən yazır: “Ana dilində məktəblər olmasa da xalq öz ana dilində danışır. Amma, öz dilində çap olunan ədəbiyyatı oxuya bilmir”.

Ərdəbilli şair və qəzetçi Səyid Məhəmmədi (Muğanlı) “Şərqə” deyib: “Təəssüflər olsun ki, Türk dili (Azərbaycan dili) İranda siyasiləşib və o qəzet ki, bu dildə nəşr olunur, ona kültür fəaliyyəti kimi yox, siyasi, dövlətə qarşı fəaliyyət kimi baxılır”.

Muğanlı əlavə edir: “Türk dilinin tədris imkanının olmamasından başqa, Türk dilli nəşrlər oxucu tapmaqda çətinliklə üzləşir. Türk mahallarında danışıq ana dilində olsa da insanlar öz dilində təhsil olmadığı üçün ana dillərində olan nəşrləri oxuya bilmirlər”.

Zəncan Əyalətinin “Bayram” dərgisinin müdiri Əliməhəmməd Bəyani dildən başqa problemləri əsas saymır. “Bizim iqtisadi və tarixi - mədəni problemlərimiz də var. Amma, Türk dilli mətbuatın oxucuları, öz dillərində təhsil almadıqları üçün, ana dillərində yazıb oxuya bilmirlər. Buna görə də bu qəzetləri almırlar və bu vəziyyət isə reklamların az olmasına səbəb olur”.

Urmiyədə nəşr olunan həftəlik “Ağrı” qəzetinin müdiri Əli Mustafazadə də qeyri-fars dilli ədəbiyyatın ən önəmli çətinliyinin maliyyə məsələsi olduğunu bildirir və əlavə edir: “Bu nəşrlər, İranın ən doğru müstəqil dərgiləridir. Azərbaycan dilli nəşrlər satış və əhalinin köməyi ilə ayaq üstə dayana bilir”.

“Şərq” eyni zamanda İran rəsmilərinin Türk dilli qəzetlərə fərqli münasibətlərindən narazıdır. “Ağrı”nın müdiri Əli Mustafazadə deyib ki, mətbuata verilən imkanlarda ayrı seçkilik var. “Əgər, Fars dilli mətbuata verilən imkanların az bir hissəsini bizim mətbuata versələr, keyfiyyətdə və kəmiyyətdə fars dilli qəzetləri keçərik”.

Əli Fərhadi deyir ki, əgər azərbaycanda nəşr olunan ədəbiyyatlar İranda ölkə miqyasında yayılan nəşrlərlə müqayisə edilərsə Azərbaycanda çap olub satılan ədəbiyyatın sayı, Fars dilli qəzetlərdən qat- qat azdır. “Keçmişlə müqayisədə Təbrizdə qəzet nəşri dəfələrlə azalıb. Hazırda Azərbaycan qəzetçiliyinin faciə dövrünü yaşayırıq”.

Cənab Fərhadinin sözlərinə görə, Şərqi Azərbaycanda hazırda 150-dək qəzet və jurnal çap olunsa da onların çox azının Türk dilində səhifələri var.