Vəfa Məmmədova: İlqarla bağlı məlumat verilməməsi işgəncə ehtimallarını artırır [Audio-müsahibə] [yenilənib]

İlqar Məmmədov

REAL –ın rəhbəri İlqar Məmmədov Binə qəsəbəsində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsinə köçürüblər.

Bu barədə Cəzaçəkmə müəssisəsinin müdrətiyyətindən həyat yoldaşına zəng edib deyiblər.

***

Respublikaçı Alternativ Hərəkatının (ReAL) lideri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova müraciətlə çıxış edib. O həbsdə olan həyat yoldaşının taleyindən narahatdır.

Vəfa Məmmədovanın müraciətində deyilir:

“Qondarma ittihamlarla, siyasi baxışlarına görə qanunsuz olaraq məhkum olunmuş İlqar Məmmədov barəsində 10 gündən artıqdır ki, Cəzaların İcrası Məcəlləsinin tələblərinə zidd olaraq harada saxlanılması barədə ailəsinə heç bir məlumat verilmir. 10 gün əvvəl bizə İlqar Məmmədovun Şəki İstintaq Təcridxanasından 3 saylı İstintaq Təcridxanasına köçürülməsi barədə məlumat verilmiş, bundan sonra isə hər hansı məlumat qəti olaraq verilməsindən imtina edilir. Həmçinin onunla görüşə, sovqat qəbuluna imkan verilmir.

Şəkidə olarkən sonuncu telefon danışığı zamanı ona əfv ərizəsi yazılması üçün ciddi təzyiqlərin olmasını bildirdiyindən və bu qədər müddətdə ondan məlumatsız olmağımız ona işgəncə verilməsi ehtimallarını artırır. İnsan Hüquqları Üzrə Ombudsman, Qırmızı Xaç Komitəsindən təcili olaraq İlqar Məmmədovla görüşməni, həmçinin onun yeri barədə ailəsinə məlumat verilməsinin təmin edilməsində köməklik göstərilməsini xahiş edirik”.

ReAL Hərəkatının icraçı katibi Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində bildirib ki, İlqar Məmmədovun ailəsi ilə görüş verilməməsi, sovqat qəbul edilməməsi qanunvericiliyin pozulmasıdır.

Your browser doesn’t support HTML5

Natiq Cəfərli ilə müsahibə

“Ailə üzvləri və vəkillərinin iradlı tələblərinə baxmayaraq Məmmədov haqqında hər hansı məlumat verilmir. Ailə üzvləri və vəkilləri Şüvəlanda yerləşən 3 saylı İstintaq Təcridxanasında olublar. Orada da nə məlumat veriblər, nə ailə üzvləri ilə görüş veriblər, nə də sovqat qəbul ediblər”, o qeyd edib.

Cəfərli İlqar Məmmədovun sağlamlıq durumu ilə bağlı da narahatlıq keçirdiklərini bildirib. “Onun haqqında məlumat verilməməsi, ailəsi ilə görüş verilməməsi işgəncə ehtimalını artırır”.

Onun sözlərinə görə İlqar Məmmədova əvvəllər həbsinin sonu üçün ölkə rəhbərlərinə müraciətin vacibliyi çatdırılmışdı. “İndiki anda Məmmədovla bağlı nə baş verdiyi barədə hər hansı məlumata malik deyilik. Vəkillərinin və ya ailə üzvlərinin görüşü baş tutrandan sonra mediaya məlumat verəcəyik”, icraçı katib bildirib.

Öz növbəsində Penitensiar Xidmətdən iş günü olmadığından İlqar Məmmədovla bağlı hər hansı məlumat almaq mümkün olmayıb. Xidmətin növbətçi hissəsindən sabah müraciət etməyi məsləhət biliblər.

İlqar Məmmədov 4 fevral 2013-cü ildə həbs edilib. 17 mart 2014-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsi 18 nəfəri İsmayıllı iğtişaşlarında iştiraka və onun təşkilinə görə cinayət məsuliyyətinə cəlb edib.

ReAl hərəkatının lideri İlqar Məmmədov 7 il, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Daha 8 nəfər 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası alıb.

Hər iki siyasətçi Amnesty İnternational tərəfindən “vicdan məhbusu” kimi tanınıb.

Sentyabrın 24-də Şəki Apelyasiya Məhkəməsi "İlqar Məmmədov, Tofiq Yaqublu və başqaları"nın işi üzrə qərar verib. Məhkəmə ittiham hökmünün İlqar Məmmədova və Tofiq Yaqubluya aid hissəsini qüvvədə saxlayıb.