Hüquq müdafiəçisi İntiqam Əliyevin işini araşdıran müstəntiq onun mənzilindən götürülən dekorativ xəncərin soyuq silah olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin edib.
Bu barədə Amerikanın Səsinə vəkil Anar Qasımlı bildirib.
Ekspertizanın keçirilməsi haqda protokolu şərh edən İ.Əliyev istehza ilə deyib ki, “prokurorluq yeni ədəbi janr yaradır - istintaq protokolları”.
Vəkil suvenir mağazalarında satılan dekorativ əşyalar üzrə ekspertizanı qeyri-ciddi hesab edir.
Bundan əlavə, Kürdəxanı təcridxanasının administrasiyası İ.Əliyevin töhmət verib. "Səbəb isə onun rus dilində yazdığı qeydlər olub. Həmin qeydlər Avropa İnsan Haqları Mıhkəməsində kommunikasiya mərhələsində olan işlərlə bağlı idi və bu qeyd məsləhətləşmək üçün avropalı kolleqasına ünvanlanmışdı. Vəkillə görüşdən əvvəl İ.Əliyev həmin qeydləri nəzarətçiyə təqdim edib və qeydlər geri qaytarılmayıb. İ.Əliyev qeydlərinin geri qaytarılmasını tələb etdikdə isə ona töhmət veriblər", vəkil qeyd edib.
İ.Əliyev avqustun 8-də həbs olunub. O, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətindən sui-istifadə, vergi ödəməkdən yayınmaqda ittiham edilir.
Amnesty İnternational onu “vicdan məhbusu” elan edib.