Gülnoza Said: "Azərbaycan bütün Avrasiyada mətbuat azadlığı mühitinin ən məhdudlaşdırıcı olduğu ölkələrdən biridir"

Your browser doesn’t support HTML5

Gülnoza Said: "Azərbaycan bütün Avrasiyada mətbuat azadlığı mühitinin ən məhdudlaşdırıcı olduğu ölkələrdən biridir"

Türkiyənin Radio Televiziya Ali Şurası (RTÜK) fevralın 9-da Amerikanın Səsi, Deutsche Welle və Euronews-un türk dilindəki bürolara lisenziyaya üçün müraciət etmələri üçün üç gün vaxt verib və əks təqdirdə bu üç beynəlxalq media qurumunun internet yayımlarının qarşısını almaq üçün məhkəməyə müraciət edəcəyini bildirib.Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Said Amerikanın Səsinə müsahibədə bu qərarın Türkiyədə mətbuat azadlığına, habelə Azərbaycan prezidentin imzaladığı media qanunun Azərbaycanda müstəqil medianın gələcəyinə təsirlərindən danışıb.

Amerikanın Səsi: Türkiyənin media tənzimləyicisi çərşənbə günü üç beynəlxalq yayımçıya, o cümlədən Amerikanın Səsi, Deutsche Welle və Euronews-a üç gün ərzində yayım lisenziyası almalarına göstəriş verdi, əks təqdirdə isə saytlarını blok etməklə hədələdi. Bu qərar Türkiyədə beynəlxalq medianın gələcəyi üçün nə ifadə edir?

Gülnoza Said: Türkiyə rəsmiləri ultimaltumları ilə bağlı bir izahat irəli sürməyiblər. Onlar hətta rəsmi açıqlama belə verməyiblər. Biz bunu media nəzarətçisi RTÜK-ün bəzi üzvlərindən eşitdik. Ancaq Türkiyə rəsmilərinin bu günə qədər etdiyi hər şey – jurnalistləri həbs etmək, tənqidi KİV-ləri bağlamaq, insanları sosial media və bəzi televiziya verilişlərində etdikləri şərhlərə görə təqib etmək – bunların hamısı bizə onu göstərir ki, bu addım Türkiyədə söz azadlığı və media azadlığını bir az daha məhdudlaşdırmaq məqsədi daşıyır.

Amerikanın Səsi: Bu qərar 2019-cu ilin avqust ayında qüvvəyə minən qaydaya əsaslanır. Həmin zaman bəzi mətbuat azadlığı müdafiəçiləri senzura ehtimalı ilə bağlı narahatlıqlarını dilə gətirdilər, çünki qaydaya əsasən, RTÜK-ə bütün onlayn kontentlərə nəzarət etmək səlahiyyəti verildi. Çərşənbə günü edilən açıqlamama ilə RTÜK ild dəfə onlayn xəbər portalları üzərindəki nəzarət səlahiyyətindən istifadə etdi. Sizcə, nə üçün bu qərar RTÜK-ə bu səlahiyyət veriləndən üç il sonraya təsadüf etdi? Niyə məhz indi verildi bu qərar?

Gülnoza Said: Nə üçün indi? Bu çox vacib sualdır. Amma nə üçün üç il sonra? Sizə deyim ki, bu heç də təəccüblü deyil, çünki biz tez-tez avtoritar rejimləri olan ölkələrdə müxtəlif məhdudlaşdırıcı qanunların qəbul edildiyini görürük. Onlar birinci söz və ya mətbuat azadlığını daha da məhdudlaşdırmaq üçün qanunvericilik zəmini yaradırlar və sonra da rəsmilər üçün siyasi baxımdan əlverişli olduğu zaman bu qanunu praktikada tətbiq etməyə başlayırlar.

Bəs nə üçün indi? Çünki gələn il Türkiyədə seçki ili olacaq. Və böyük ehtimalla Türkiyə rəsmiləri bütün müstəqil səsləri, Türkiyə daxilində müstəqil xəbərlər təqdim edə biləcək təndiqi səsləri təmizləmək istəyirlər. Məncə səbəb bu ola bilər.

Amerikanın Səsi: Növbəti sualım Azərbaycanla bağlıdır. Azərbaycan prezidenti dekbar ayında çox sayda etirazlara baxmayaraq parlament tərəfindən təsdiq olunan qanunu imzalayıb. Bu yeni qanun onsuz da müstəqil və müxalifyönlü mediadının susdurulduğu bir ölkədə media mühitini necə dəyişəcək?

Gülnoza Said: Bəli, Azərbaycan bütün Avrasiyada mətbuat azadlığı mühitinin ən məhdudlaşdırıcı olduğu ölkələrdən biridir. Bu qanun müstəqil jurnalistikanı daha da məhdudlaşdırır, cünki Azərbaycandan kənarda qərargahlanan və Azərbaycan dilində Azərbaycan auditoriyasına yayım edən media orqanları Azərbaycanda azad medianın praktiki olaraq son istehkamıdır. Və bu media qanunu da xüsusi olaraq onları hədəf alır, çünki bundan sonra mühacirətdə olan media orqanlarının Azərbaycanda fəaliyyət göstərmələri çətinləşəcək. YouTube bloqları və YouTube və digər audio və video platformalarında başqa kontenti davam etdirmək çox çətin və ya hətta qeyri-mümkün olacaq. Yəni bu media qanunu qalan son müstəqil media orqanlarını hədəf alır.

Amerikanın Səsi: ​Beynəlxalq ictimaiyyət Azərbaycan və Türkiyə kimi mətbuat azadlığının boğulduğu ölkələrdə media azadlığı və məlumata çıxışı müdafiə etmək üçün kifayət qədər iş görürmü?

Gülnoza Said: Hər dəfə Azərbaycan barədə danışanda mənə bu sual verilir. Təəssüf ki, beynəlxalq ictimaiyyətin etdikləri kifayət deyil, əgər beynəlxalq ictimaiyyət deyəndə dövlətlərarası təşkilatlar və ya xarici hökumətləri nəzərdə tuturuqsa. Çünki təəssüf ki, Azərbaycan, ələlxüsus da Azərbaycanda mətbuat azadlığı hazırda beynəlxalq gündəmdəki əsas məsələ deyil. Beynəlxaq ictimaiyyəti, Brüssel və ya Vaşinqtondakı rəsmiləri Ukraynada müharibə kimi məsələlər narahat edir. Yəni bu vəziyyət və Azərbaycandakı yeni media qanunu, ehtimal ki, onların müzakirə etdikləri məsələlər arasında heç ikinci yerdə də gəlmir. Bu isə çox təəssüf doğurur. Ona görə də biz həmişə xarici rəsmiləri, beynəlxalq təşkilatların rəsmilərini Azərbaycanda azad media və jurnalistlərin vəziyyətinə daha çox diqqət yetirməyə çağırırıq.