ABŞ -ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Twitter hesabında bu həftə İlham Əliyev tətərfindən təsdiqlənən Media Haqqında qanunla bağlı fikir bildib.
O deyir ki, bu qanun ifadə azadlığını daha da məhdudlaşdırmaq üçün nəzərdə tutulub.
“Qorxu realdır. Bu qanun ifadə azadlığını daha da məhdudlaşdırmaq üçün nəzərdə tutulub. Rejim Azərbaycandan kənarda heç kimin onların kleptokratik-avtokratiyasına sanksiya verməyəcəyinə inanır”.
Prezident İlham Əliyev 2021-ci il dekabrın 30-da “Media haqqında” qanunu imzalayıb. Prezidentin imzaladığı qanunun mətni və qanunun tətbiqi ilə bağlı fərman bu gün, fevralın 8-də rəsmi mətbuatda dərc edilib.
Prezident fərmanına əsasə Nazirlər Kabineti iki ay müddətində Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikası Audiovizual Şurasının yaradılması ilə əlaqədar normativ hüquqi aktların uyğunlaşdırılması ilə bağlı təkliflər hazırlayacaq. Milli Televiziya və Radio Şurasının səlahiyyətləri Audiovizual Şuraya keçəcək.
Nazirlər Kabineti həmçinin “Media haqqında” qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlayıb Prezidentə təqdim edəcək.
Nazirlər Kabineti üç ay müddətində Media Reyestrinin aparılması qaydalarının layihəsini hazırlayacaq. Həmçinin jurnalist vəsiqəsinin formasını, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləğini və həmin vəsaitdən istifadə qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq edəcək.
Fərmana görə xarici jurnalistlərin Azərbaycanda akkreditasiyası Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Xarici jurnalistlər Xarici İşlər Nazirliyi tərəfindən razılıq verildikdən sonra fəaliyyət göstərə bilərlər.
2021-ci il dekabrın 30-da Milli Məclis “Media haqqında” yeni qanunu qəbul edib.
Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Sənəd 9 fəsil 78 maddədən ibarətdir.
Qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir.
Sənəddə jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.
Media ekspertləri, bir çox jurnalistlər, beynəlxalq qurumlar qanunun qəbulunu tənqid edib və söz azadlığının məhdudlaşdırlmasına yönəldiyini bildirib. Media ictimaiyyəti sənədin parlamentə təqdimindən əvvəl ictimai müzakirəsinin keçirilmədiyini bildirib. Qanunun qəbulu zamanı jurnalistlər Milli Məclisin binası qarşısında etiraz aksiyaları keçirib.
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç yanvarın 25-də Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda onu Milli Məclisin qəbul etdiyi "Media haqqında" qanunu yenidən baxılmaq üçün geri qaytarmağa çağırıb.
Komissar məktubunda "Media haqqında" yeni qanunun geniş və məzmunlu məsləhətləşmələr aparılmadan qəbul edilməsi ilə bağlı ciddi narahatlığını dilə gətirib.
“Yeni qəbul edilmiş qanun ölkədə ifadə azadlığı və media azadlığının vəziyyətini daha da pisləşdirir, media sektorunu tənzimləmək üçün dövlət qurumlarına xüsusi səlahiyyətlər verir ki, buraya lisenziyalaşdırma, jurnalistlərin işini həddən artıq məhdudlaşdırma, media şirkətləri və qurumlarının maliyyə, hüquqi və operativ fəaliyyətinə bəzi məhdudiyyətlər daxildir,” məktubda deyilir.
Miyatoviç qanunvericiliyin söz və media azadlığı sahəsində beynəlxalq standartlara və Avropa standartlarına uyğunlaşdırılması zərurətini vurğulayır.
Bununla yanaşı, rəsmi Bakı tənqidləri qəbul etmir.
Milli Məclisin deputatı, iqtidarda olan “Yeni Azərbaycan” Pariyasının üzvü Aydın Mirzəzadə bir qədər əvvəl Amerikanın Səsinə deyib ki, “Media haqqında” yeni qanun geniş ictimai müzakirədən keçib, müxtəlif media nümayəndələri qanunun təkmilləşdirilməsinə öz töhfəsini verib.
“Hesab edirəm ki, qanun ümumən media-dövlət, media-cəmiyyət münasibətlərini tənzimləyəcək. Yəni, qanun medianın müstəqilliyini, söz azadlığını qoruyur və ona qarşı, xüsusən də sosial şəbəkəyə hər hansı bir cəza və məhdudiyyət çərçivəsi tətbiq etmir,” o, qeyd edib.