Yunanıstan parlamenti ciddi iqtisadi ölçülər paketini səsverməyə qoymağa hazırlaşır

  • Amerikanın səsi

Yunanıstan parlamenti ciddi iqtisadi ölçülər paketini səsverməyə qoymağa hazırlaşır

Yunanıstan parlamenti Avropa İttifaqının yeni krediti müqabilində ciddi iqtisadi ölçülərə dair layihənin müzakirəsinə başlayıb.

Qanunvericilərin ölçülər paketini bazar günü axşam, ya da bazar ertəsi səsverməyə qoyacağı gözlənilir.

Yunanıstanın Nazirlər kabineti paketi cümə günü təsdiq edib. Parlament ölçüləri təsdiq etsə, baş nazir Lukas Papademos Yunanıstana 172 milyard dollar məbləğində kreditin təmin edilməsi və ölkənin müflisləşməkdən xilas edilməsi üçün cidd ixtisarlar etməli olacaq.

Parlamentin qarşısında küçədə ciddi iqtisadi ölçülərə etiraz bildirən on minlərlə insan və polislə arasında toqquşma baş verib. Polis kütləni ayırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Şənbə günü televiziya vasitəsilə xalqa müraciət edən Baş nazir Papademos minlərlə iş yerinin ixtisarı, minimum əmək haqqının azaldılması və digər olduqca sərt iqtisadi ölçüləri müdafiə edərək, bunun ölkəni xilas etmək üçün ikinci krediti təmin edəcəiyini bildirib.

Sosialist partiyasının lideri Corc Papandreu və Yeni Demokratik partiyanın lideri Antonis Samaras baş nazirin sözlərinə dəstək verib və qanunvericiləri büdcə kəsirlərini təsdiq etməyə çağıraraq, bundan başqa çıxış yolunun olmadığını deyiblər.

Papandreu xəbərdarlıq edərək deyib ki, ölçülər paketinin təsdiq edilməməsi ölkəni fəlakətə apara bilər.