Bütün gecə sürən danışıqlardan sonra Avropa İttifaqının xarici işlər nazirləri çərşənbə axşamı günü borc içində olan Yunanıstanı xilas etmək üçün 172 milyard dollar məbləğində iqtisadi yardım paketinə dair razılıq əldə edib. Bu maliyyə yardımı Yunanıstanı defoltdan qorumaqla yanaşı, yunanlar qarşısında ciddi iqtisadi ölçülərin götürülməsi kimi tələblər qoyur.
Lüksemburqda 13 saat sürən danışıqlardan sonra Lüksemburqun Baş naziri Can Klod Cunker Brüsseldə mətbuat konfransında razılığın əldə edildiyini elan edib.
O, Yunanıstana dair ikinci yardım paketinin ölkədə yeni iqtisadi proqram və özəl sektoru əhatə etdiyini qeyd edib. Cunkerin sözlərinə görə, bununla Yunanıstanın borclarının azaldılması və ölkənin avro zonasında gələcəyinin təmin edilməsi nəzərdə tutulur.
Avropa İttifaqının iqtisadi yardım paketi Yunanıstanın martın 20-ə qədər borclarını ödəyə bilməsi üçün maliyyə ödənişlərini yerinə yetirməsinə yol açır. Lakin bundan daha önəmli Yunanıstan 17 ölkənin daxil olduğunu avro valyuta zonasından çıxdığı halda, bu ölkələrdə daha böyük böhranın qarşısının alınmasıdır.
İqtisadi yardımın ayrılmasına dair razılaşma nəticəsində Yunanıstan 2020-ci ilə qədər borcunu ümumdaxili məhsulun indiki kimi 160 faiz deyil, 120 faiz hissəyə bölməli olacaq. Hazırda istiqrazların nominal dəyərini 53,5 faiz səviyyədə enməsini müşahidə edən özəl investorlar da daha böyük itkilərlə qarşılaşacaq. Aylardır ciddi iqtisadi ölçülərə etiraz edən yunanları isə böyük hökumət ixtisarları gözləyir.
Lakin bütün bunlara baxmayaraq, Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard razılaşmanın əldə edilməsini məmnunluq hissi ilə qarşılayaraq, bunun uzun müddət üçün Yunanıstan iqtisadiyyatında dönüş yaradacağını deyib. Kristin Laqard: “Rəqabətə davamlılıq kimi aydın bir məqsədə yönəlmiş bu böyük səylər və iddialı proqram sayəsində Yunanıstan borc sahəsində vəziyyəti yaxşılaşdırmaq imkan qazanacaq və müxtəlif tərəfdaşların nəzarət edəcəyi proqramın ciddi şəkildə icrasını təmin etdikdə düzgün yola qayıtdığını nümayiş etdirə biləcək.”
Kristin Laqard deyib ki, Beynəlxalq Valyuta Fondu martın ikinci həftəsi Yunanıstana yardım paketini müzakirə edəcək. Avro valyuta zonasına daxil olan ölkələrin xarici işlər nazirləri habelə maliyyə böhranı ilə qarşılaşan ölkələrin müdafiəsi məqsədilə iqtisadi yardım fondunun ayrılması məsələsini də nəzərdən keçiriblər. Lüksemburqun Baş naziri Cunkerin sözlərinə görə, Avropa ölkələrinin dövlət başçılarının məsələsini mart ayında müzakirə edəcəyi gözlənilir.