Yunanıstanın Həmkarlar İttifaqlarının üzvləri paytaxt Afinada iki günlük ümumxalq tətillərinə başladıqlarını elan ediblər. Onlar qanunvericilər tərəfindən təsdiqini gözləyən yeni büdcə ixtisarlarına etiraz edir.
Dünən gecə Brüsseldə görüşən Avropanın maliyyə nazirləri bildirib ki, hətta parlament qanunu təsdiq etsə belə, Yunanıstan 172 milyard dollarlıq xilas paketini əldə etmək üçün yeni şərtlərə əməl etməlidir.
Valyutası avro olan 17 ölkənin daxil olduğu maliyyə qrupunun rəhbəri Can Klod Cankerin sözlərinə görə, Yunanıstan parlamenti bu qanun layihəsini bazar günü təsdiq etməlidir.
Layihədə deyilir ki, ölkə defisit hədəfinə cavab vermək üçün xərcləri əlavə 430 milyon dollar azaltmalır və siyasi liderləri bu qərarın aprel ayında seçkilərdən sonra da qüvvədə qalmasına təminat verməlidir.
Cənab Canker deyib ki, gələn həftənin çərşənbə günü xilas paketi barədə son qərar verilməsi üçün maliyyə nazirləri Yunanıstan bütün öhdəliklərə əməl etdiyinə əmin olmalıdır.