Fransa Rusiya və Çinin Suriya prezidenti Bəşar Əl-Əsədin hakimiyyətdən getməsinə çağıran qətnamə layihəsinə veto qoyduqdan sonra ölkədə böhrana son qoyulması üçün müzakirələrin keçirilməsinə çalışır.
Fransa bu təşəbbüslə BMT-nin Baş Assambleyasında Suriya böhranı ilə bağlı keçirilməsi nəzərdə tutulan qeyri-məcburi səsvermədən öncə çıxış edir. Fransa Xarici İşlər naziri Alan Jüpe ölkəsinin Suriyada münaqişəyə son qoymaq üçün BMT-nin qətnaməsinə dəstək vermək məqsədilə Rusiya və Çinə təzyiq göstərməyə davam etdiyini deyib. Bu ayın əvvəli həm Rusiya, həm Çin Ərəb Liqası və qərb ölkələrinin dəstəklədiyi Suriya prezidentini hakimiyyətdən getməyə çağıran qətnaməsinə veto qoymuşdu.
Fransa radiosuna müsahibə verən xarici işlər naziri Jüppe deyib ki, Paris qətnamənin Rusiyanın qəbul edəcəyi bir variant ətrafında müzakirələr aparır. Fransa xarici işlər naziri cümə axşamı, BMT-nin Baş Assambleyasında Suriya ilə bağlı qətnamənin səsə qoyulacağı eyni gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla danışıqlar aparmalıdır.
Baş Assambleyada səsə qoyulacaq sənəddə Suriyanın insan hüquqlarının pozulmasına görə qınanması və prezident Əsədə qarşı 11 aydır davam edən üsyanın zorakı yolla yatırılmasına son qoymağa çağırılması nəzərdə tutulur.
Alan Jüppe deyib ki, sənədin qeyri-məcburi xarakter daşımasına baxmayaraq, onlarla ölkə ona dəstək versə, bu, güc simvoluna çevriləcək.
Fransa xarici işlər naziri Ərəb Liqasının planını masa üzərində böhranın sülh yolu ilə həllinə çağıran yeganə təşəbbüs kimi qiymətləndirib.
Alan Jüppenin bu açıqlamaları Suriyada hökumət qüvvələrinin Həma şəhərində yeni hücum həyata keçirdiyi və Homs şəhərini artilleriya atəşinə tutduğu bri vaxta təsadüf edir. Çərşənbə axşamı günü Fransa Suriya əhalisinə kömək edən yardım agentlikləri üçün 131 milyon dollar məbləğində maliyyə vəsaitinin ayrılması təşəbbüsü ilə çıxış etmişdir. Paris gələn həftə Tunisdə Suriya ilə bağlı keçiriləcək beynəlxalq konfransda bu təşəbbüsə dəstək qazanmağa çalışacaq.
Alan Jüppr həmçinin deyib ki, BMT-nin Təhlükəsizlik Şurası Fransanın humanitar dəhlizin açılması ilə bağlı daha bir təklifinə diqqət yetirməlidir. Təklifə əsasən, Suriyanın daxilində əhali ilə əlaqə yaradılması və yardımın çatdırılması üçün Türkiyə və Livanla sərhəd ərazilərindən ölkəyə humanitar dəhlizin açılması nəzərdə tutulur.
Fransa bu təkliflərlə beynəlxalq ictimaiyyətin prezident Əsəd hökumətinə təzyiqləri artırdığı bir vaxt çıxış edir. Rəsmilərin bildirdiyinə görə, Avropa İttifaqının bu ayın sonu Suriya qarşı əlavə sanksiyalar tətbiq edəcəyi gözlənilir.