Suriyanın dövlət xəbər agentliyinin bildirdiyinə görə, prezident Bəşar Əl-Əsəd fevral ayının 26-da yeni konstitusiya ilə bağlı refendum keçiriləcəyini bəyan edib. Əsəd referendum vədini hələ yanvar ayında vermişdi. O, diqqətin çoxpartiyalı bir sistemə yönələcəyini demişdi.
Suriya hökuməti 1963-cü ildən hakimiyyətdə olan Bəs partiyasından əlavə siyasi partiyaların təşkilinə dair qanun layihəsini iyul ayında qəbul edib.
Rusiya referendum təklifini alqışlayıb. lakin Suriyanın müxalifət qrupları hökumətin vaxt qazanmağa çalışdığını bildirərək, xalqın Əsədin istefasından başqa heç bir variantı qəbul etməyəcəyini bildirib. Ağ Evin sözçüsü Cey Karni refendumu gülünc adlandırıb.
Bu arada, insan hüquqları müdafiəçiləri hökumət qüvvələrinin Həma şəhərində hücuma keçdiyini bildirib. Qüvvələr yaşayış ərazilərini atəşə tutub, kommunikasiya xətlərini kəsib.
Cənub Homs şəhərinin fəalları Baba Əmr məhəlləsində neft borusunun partladıldığını bildirib. Onlar partlayışa görə ordunu, hökumət isə terrorçuları ittiham edib.
Homsda Suriyanın iki neftayırma zavodundan biri yerləşir.
Fəallar şəhərə edilən iki həftəlik hücum zəminində yüzlərlə adamın öldüyünü deyir.