Əfqanıstanda Quran yandırılması üzərində qalmaqal əlavə 9 həyata son qoydu

  • Amerikanın səsi

Əfqanıstanda Quran yandırılması üzərində qalmaqal əlavə 9 həyata son qoydu

Əfqanıstanın Cəlalabad şəhərindəki aeroport yaxınlığında yerləşən NATO bazasına intiharçı hücumu nəticəsində doqquz adam həlak olub. Partlayış bazanın darvazası qarşısında baş verib.

Taliban ötən həftə Baqram hərbi hava bazasında Quranın yandırılmasına etiraz əlaməti olaraq bugünkü hücumu törətdiyini bəyan edib. Həmin insidentdən bəri vüsət alan zorakılıqlarda 40 adam, o cümlədən dörd ABŞ hərbi qulluqçusu həlak olub.

Əfqanıstan prezidenti Həmid Karzay intiharçı hücumlarını “qeyri-insani və qeyri-İslami” adlandırıb. Rəsmilər hücumda altı mülki vətəndaşın, bir əfqan əsgərin və iki keşikçinin öldüyünü bildirirlər. Başqa 12 adam yaralanıb, amma xəsarət alanlar arasında NATO personeli yoxdur.

Əfqanıstandakı ABŞ və NATO qüvvələrinin komandiri general John Allen deyir ki, üsyançılar hücum cəhdində uğursuzluğa düçar olublar. O, koalisiyanın qəddar üsyançılar üzərində qələbə çalmaqda əzmkar olduğunu bildirib.