Eurovision-2012 mahnı müsabiqəsini 1600 xarici jurnalist işıqlandıracaq

Eurovision-2012 mahnı müsabiqəsini 1600 xarici jurnalist işıqlandıracaq

Fevralda mahnı müsabiqəsinin biletlərinin satışı başlayacaq. Mahnı müsabiqəsi “Baku Crystal Hall” sarayında keçiriləcək.

Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin işçi qrupunun Avropa Yayım Birliyi rəhbərliyinin iştirakı ilə mətbuat konfransı olub. “Eurovision” mahnı müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand, “Eurovision” müsabiqəsinin təşkilatı məsələlər üzrə rəhbəri Sietse Bakker, “eurovision.tv”nin rəhbəri Yorqan Frank, “Eurovision-2012” mahnı müsabiqəsinin işçi qrupunun rəhbəri Adil Kərimov, müsabiqənin ictimaiyyətlə əlaqələr və kommunikasiya rəhbəri Tahir Məmmədov jurnalistlərin çoxsaylı suallarını cavablandırıb.
Avropa Yayım Birliyi Azərbaycanda mahnı müsabiqəsinə hazırlıq işlərini yüksək qiymətləndirib. “Bu cur müsabiqənin bir il müddətində həyata keçirilməsi çox çətindir. Amma bizim komandamız müsabiqənin hazırlığını daha qısa müddətdə həyata keçirib. Bəzi məqamlarda hətta təqvimi qabaqlamışıq. Bununla yanaşı görüləcək işlər də çoxdur”, - deyə “Eurovision” mahnı müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand qeyd edib.
Təşkilati məsələlər üzrə rəhbər Sietse Bakker bildirib ki, müsabiqəni işıqlandırmaq üçün 43 iştirakçı ölkədən 1500, digər ölkələrdən isə 100 jurnalist akkreditə olunacaq. Şounu Amerika, Cənubi Afrika, Yaxın Şərq, Avstraliya mediası da canlı işıqlandırmaq imkanı qazanacaq. “Azərbaycanda indiyədək eyni vaxtda bu qədər jurnalist olmayıb. Bu Azərbaycan üçün çox müsbət haldır. İnanıram ki, Bakı hər kəsin xoşuna gələcək”.
Onun sözlərinə görə, Ermənistan da mahnı müsabiqəsində iştirak üçün müraciət edib. “Əmin edirəm ki, Ermənistan müsabiqədə iştirak edəcək. Biz onlarla mütəmadi əlaqə saxlayırıq. Ermənistanda müsabiqəyə hazırlıqlar gedir”.
“Eurovision-2012”nin işçi qrupunun rəhbəri Adil Kərimov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, mahnı müsabiqəsi “Baku Crystal Hall” sarayında keçiriləcək. “Sarayın qurulmasından asılı olaraq 25 minədək tamaşaçı yeri olacaq. Artıq, sarayın yaxınlığında mətbuat mərkəzinin tikintisinə başlanıb və bu məkan indiyə kimi olan mətbuat mərkəzlərindən fərqlənəcək. Mərkəzdə bütün jurnalistlərin öz işlərini mükəmməl şəkildə görməsi üçün hər bir şərait olacaq”.
Onun sözlərinə görə, fevralın sonunadək mahnı müsabiqəsinin biletləri satışa çıxarılacaq. “Biletlərin qiymətləri və kateqoriyaları yaxın həftələrdə müəyyən ediləcək”.
Cənab Kərimov mahnı müsabiqəsi zamanı viza rejiminin sadələşdiriləcəyini bildirib. “Azərbaycanın baş naziri dövlət adından mahnı müsabiqəsi zamanı təhlükəsizliklə bağlı təminat verib. Taksi sürücüləri, təhlükəsizliklə məşğul olacaq xidmətlərin əməkdaşları ingilis dili kursları keçir”.
Bununla yanaşı, bir xarici jurnalist mətbuat konfransı zamanı təşkilatçılara bildirib ki, qaldığı oteldə, restoranda bank kartı ilə ödəniş edə bilməyib və taksi sürücüsü onun otelini tanımayıb.