HİKMƏT HACIZADƏ İLƏ DÜNƏN KEÇİRDİYİMİZ CANLI FORUM
Hazırda Vaşinqtonda “Reagan-Fascell” proqramı çərçivəsində “Azərbaycanda demokratiyanın problemləri”nə dair elmi tədqiqat aparan cənab Hacızadə redaksiyamızın qonağıdır. 5 ay davam edən proqram nəzdində o, Azərbaycanda demokratiyanın vəziyyətini, hazırkı vəziyyətdən çıxış yollarını araşdırır.
2011-ci ildə Azərbaycanda demokratiyanın vəziyyəti sabit-ağır olaraq qaldı desək yanılmarıq. Artıq 2011-ci ili başa vurduq. Qarşıda isə uzun bir 2012-ci il gəlir. Bu il Azərbaycanda əsasən Eurovision ili kimi səciyyələndirilir. Bəs görəsən 2012-ci ildə Azərbaycanda demokratiyanın vəziyyətində bir dəyişiklik olacaqmı? 2012-ci ildə SƏRBƏST KÜRSÜ canlı forumunun ilk buraxılışı məhz bu məsələyə həsr etmişik: Azərbaycanda demokratiyanın vəziyyəti!
Yanvarın 5-i Bakı vaxtı ilə axşam 21:00-dan 23:00-dək SƏRBƏST KÜRSÜdə oxucuların suallarını politoloq Hikmət Hacızadə cavablandırıb. Hazırda Vaşinqtonda “Reagan-Fascell” proqramı çərçivəsində “Azərbaycanda demokratiyanın problemləri”nə dair elmi tədqiqat aparan cənab Hacızadə redaksiyamızın qonağı olub. 5 ay davam edən proqram nəzdində o, Azərbaycanda demokratiyanın vəziyyətini, hazırkı vəziyyətdən çıxış yollarını araşdırır.
————————————————————————————
Axşamınız xeyir, hörmətli oxucular. Bugünki forumun aparıcısı mən Emil Quliyevəm. Redaksiyamızın qonağı Hikmət Hacızadədir. Cənab Hacızadə sizdən daxil olan sualları cavablandırır.
Nəzərinizə çatdırım ki, forum canlı olduğundan daxil olan suallara Hikmət bəy canlı olaraq cavab verir. Ən son cavabları oxumağınız üçün səhifəni tez-tez yeniləməyiniz (F5) vacibdir.
Emil Quliyev: Hikmət bəy, redaksiyamıza xoş gəlmisiniz, sizi SƏRBƏST KÜRSÜ canlı forumun növbəti sayında salamlayırıq!
Hikmət Hacızadə: Xoş gördük, xoş gününüz olsun! Sizin hamınızı burada sağ və salamat görməyimə çox şadam!
EQ: Çox sağ olun Hikmət bəy. Mən istərdim birbaşa daxil olan suallara keçim. Sizə ünvanlanan ilk sual İkram adlı istifadəçidən daxil olub. İkram bəy soruşur ki, “Sizcə növbəti prezident seçkilərinə qədər Azərbaycanda vətəndaş cəmiyyətinin aktivliyi hansı səviyyədə olacaq?”
CAVAB: Sözsüz ki, artacaq. Ancaq hansı səviyyəyə qədər, onu mən dəqiq deyə bilmərəm. Bu aktivliyə nəinki daxili proseslər təsir edəcək, eyni zamanda Rusiyada, İranda və ola bilsin ki, Gürcüstanda hadisələr təsirsiz ötüşməyəcək. Bir müddət bundan qabaq Rusiyadakı indiki aktivliyi kim gözləyirdi? Fəqət, Putin kimi nəhəngin altından Rusiya başını qaldırdı! Odur ki, gözləyək görək fələk nə sayır. Ətrafdakı hadisələrin bizə mütləq təsiri olacaq. Əlbəttə ki, biz də işləməliyik.
SUAL: (Tapdıq) Salam
Demokratiyaya Azərbaycanda vahid yanaşma varmı? İqtidar üçün demokratiya nədir, müxalifətin baxışında demokratiya nədir?
Azərbaycanda demokratiya deyəndə İranda yaşayan azərbaycanlılarında hüquqlarının müdafiəsi nəzərəd tutulurmu? İranda yaşayan azərbaycanlıların hüuquları Azərbaycan Respublikasında niyə müdafiə edilmir? Vaxtı ilə Əbülfəz Elçibəy bu sahədə geniş iş aparırdı, İnid niyə unudulub?
CAVAB: Sualın birinci hissəsi yüngüldür. Azərbaycan demokratları üçün demokratiya düzgün seçki, söz azadlığı, insan haqları, müstəqil və adələtli məhkəmə, xalqa tabe olan və xalqın nəzarəti altında olan hökumət deməkdir. Azərbaycan avtokratları üçün isə – iqtidardakıları deyirəm – demokratiya onların ömürlük vəzifədə qalması, gəlir mənbəyi, özbaşınalığın alətidir.
Ancaq həqiqi demokratlar arasında da demokratiyaya baxış ola bilər və fərqlidir. Cəmiyyətdə müxtəliflik və dözümlülük hansı səviyyəyə qədər olmalıdır?! Müxtəliflik və dözümlülük ölkəni dağıtmazmı?! Dinə – doğrusu din praktikasına münasibət necə olmalıdır? Etnik azlıqların tələbləri haraya qədər qəbul olunmalıdır? Varlı-kasıb məsələsi necə həll olunmalıdır? Varlı təbəqə imkansızlara öz payından nə qədər kömək etməlidir? Türk dövlətləri birliyi xulyadırmı və demokratik dövlətlərin birliyi möhkəmdirmi? İsraili dəstəkləyək, yoxsa ərəbləri? Bu kimi suallar demokratlar arasında da fikir ayrılığına səbəb olur.
İkinci suala gəldikdə, soruşursunuz indikilər niyə cənubdakı qardaşlarımızın hüquqlarını müdafiə etmirlər. Öz vətəndaşlarını nə günə qoyublar ki, bir İrandakı azərbaycanlıları düşünsünlər. Amma, tutaq ki, biz – Azərbaycan Respublikası demokratik və insansevər bir ölkə olduq, onda biz İran azərbaycanlıları haqqında nə etməliyik? Bütün beynəlxalq insan haqları sazişlərinə görə, bizim İrandakı soydaşlarımızın və hətta, istənilən İran vətəndaşının hüquqlarını müdafiə etməyə haqqımız var və biz bunu etməliyik. O ki qaldı İran Azərbaycanının muxtariyyəti və ya müstəqilliyi məsələsinə, bu məsələ İran xalqının öhdəsinə qalıb, burada biz heç nə edə bilmərik. Belə ki, bu sahədə olan beynəlxalq hüquq və fəlsəfə sərhədlərin dəyişdirilməsinə yox, insan haqlarının tam qorunmasına çağırır.
SUAL: (Rufət) Hikmet bey salamlar. Sizi Turkiyeden salamlayiram. Azerbaycan gundemini yaxindan izleyen bir insan kimi mene bir sual cox maraqlidir. Son gunler Azerbaycanin esas gundemi Ziyalilar Forumu ile baglidir. Mene maraqlidir ki, bes niye Hikmet bey bu Forumda gorunmur? Axi siz de xalqimizin deyerli ziyalilarindansiniz. Tesekkurler
Hormetle, Rufat
CAVAB: Rufət bəy, məni yüksək qiymətləndirdiyinizə görə, çox sağ olun! Ancaq mən axı, Musavat partiyasının fəalıyam və biz həmən bu mübarizəyə bir az əvvəl qoşulmuşuq. Daha adam nə qədər eyni məqsədli təşkilatın üzvü olar?! Ziyalılar Forumunun fəaliyyətini bəyənir və dəstəkləyirəm. Biz onlarla eyni istiqamətdə çalışırıq.
SUAL: Hikmet bey Azerbaycan muxalifetinin liderleri deyisecekmi? Sizce muxalifet partiyalarinin liderleri secilir? Axi hamisi Arktika buzlari kimi 1990-ci illerden yerindedir. Sizce bu coxillik buzlar eriyecekmi?
CAVAB: Bu sualı mənə çox verirlər. Vəziyyət uzun müddət çətin qalanda yeni liderlər axtarışı fəallaşır. Bu, anlaşılan məsələdir. Amma belə sualların hərdən görünməyən tərədi də olur. “Siz bacarmırsınız, imkan verin artıq yetişmiş yeni liderlər meydana çıxsın. Onlar görünmür, çünki siz qocalar onları qoymursunuz”. Bax belə formada qoyulmuş suala cavab vermək asandır. Axı o, gənc liderlər hanı? Hanı o öz yerini qocalardan tələb edən yeni qüvvələr? Hanı məsələn yeni Pənah Hüseynov? Hanı özünü, ailəsini, balalarını, qohumlarını təhlükə altına atıb qabağa keçən əfsanəvi qəhrəmanlar? Onlar yoxdur. Doğulmayıblar? Meydan boşdur. Gəlsinlər! Mən şəxsən öz “şarikoviy ruçkamı” gənc ideoloqlara verməyə hazıram! Amma mənim bütün bu zarafatcıl sözlərimə baxmayaraq, Musavat partiyasının nizamnaməsinə görə, Musavatın başqanı ancaq iki müddətə seçilir, ondan sonra bu vəzifədən getməlidir. Bu qayda şəxsən İsa Qəmbərin təşəbbüsü ilə nizamnaməyə salınıb. Onun başqanlıq müddəti bu il bitir və o elan edib ki, Musavatın builki qurultayında vəzifədən gedəcək və partiyaya yeni başqan seçiləcək.
SUAL: (Zahir) Hikmet bey. Siz din azadlıqları məsələləri sahəsində də tədqiqat aparıbsınız. Azərbaycanda nə etmək olar ki, nə hökumət müxalifəti və dindarlı sıxmaq üçün xüsusilə İrandan istipdadin, ifrat İslam variantları yəni İrandakı kimi bir sistemin qurula biləcəyi qorxusu ilə adamları təzyiqlərə məruz qoymasın və həm də bu deyilən təhlükələrə qarşı həqiqi mənada mübarizə aparılsın. Bu barədə müxalifət, qeyri-hökumət təşkilatları və ziyalılar nə edə bilər. Deyildiyinə görə cənub zonalarında İranın təsiri getdikcə artır.
CAVAB: Çox sağ olun, Zahir bəy. Siz çox dəyərli, ancaq çox çətin sual verdiniz və bu formatda bu suala cavab vermək çətin olacaq. Amma ümumən, qısa deyə bilərəm ki, birincisi, mən sizin narahatçılığınızı bölüşürəm. Dünya təcrübəsindən görünür ki, demokratiya və insan haqları, vətəndaş aktivliyi sıxışdırılanda insanın mənəvi boşluğunu din və möhvumat əvəzləyir. Bu, dünyada hər yerdə belədir. Nə etmək sualına isə, ümumi cavab belədir: Avtoritar, dünyəvi hökumətin belə problemləri həll etmək üsulları başqadır – repressiya və nəzarəti gücləndirmək yolu ilə. Stalin və Atatürk bu yolla məsələni həll etmək istəyirdilər. Demokratik hökumətin üsulları başqadır. Adətən onlar diskussiya, təbliğat, maarifləndirmə, təhsil yolu ilə bu problemi həll etməyə çalışır. Halbuki, demokratik dövlətdə də qanuni zorakılıq metodları nəzərdə tutulur. Fəqət, bunlara ən son variantda əl atılır. Bu gün ziyalıların vəzifəsi dini dözümlülük təbliğatıdır. Problemlər haqqında açıq danışmaq onların vəzifəsidir, – buna da böyük igidlik lazımdır. Azərbaycanda dindarlar hərəkatı da var, amma güclü dünyəviçilər hərəkatı da var. Ölkədəki vəziyyət imkan verdiyi qədər ziyalılar dözümsüzlüyə və mövhumata qarşı Axundovun və Cəlil Məmmədquluzadənin yandırdığı ocağı sönməyə qoymamalıdırlar.
SUAL: (Alik) Salam Hikmet bey
Men Moskvada yasayiram. Rusiyada prezident seckilerini nece gorursunuz? Kim prezident olacaq?
Azerbaycanda muxalifet prezident seckilerinedek ilkin secki ile vahid namized mueyyen ede bilermi? Yoxsa yene hami namized olub sonda hami uduzacaq?
CAVAB: Salam, Alik bəy! Suallarınıza görə təşəkkür edirəm. Məncə Rusiyada son hadisələrə baxmayaraq, Putinin populyarlığı və inzibati resursları hələ ki, seçilmək üçün kifayətdir. Ümumən, Vahid Rusiya partiyasının populyarlığı aşağı olsa da, şəxsən Putinin reytinqi yüksəkdir. Mənə elə gəlir ki, göylər yerə düşməsə, Putin seçiləcək.
O ki qaldı Azərbaycandakı seçkilərə və demokratlar arasında vahid namizədə burada birinci məsələ vahid namizəd deyil, azad seçkinin olub, olmamasıdır. O da ki, Azərbaycanda hələlik yoxdur, onu qazanmamışıq, demək, vahid və ya müxtəlif namizədlərin olmasının heç bir xeyri yoxdur. İstəyirsən birləş, istəyirsən ayrıl, istədiklərini seçki günü televizordan axşam qalib elan edəcəklər. Bu məsələ Rusiyadakı seçkilərə də aiddir. Ümumən orada düzgün seçki olacaqmı ki, biz oradakı reqabəti araşdırmağa başlayaq.
SUAL: (Nəriman)Sizin fikrinize gore ne ucun Qərb Azərbaycanda insan hüquqları, media hüquqları və başqa hüquqlar məsələsinə daha sərt münasibət bildirmir.
CAVAB: Niyə axı? Məncə bu barədə Qərb liderləri tərəfindən kəskin bəyanatlar daima səslənir. Tutaq ki, ABŞ-ın Dövlət Departamentinin insan haqlarına dair illik hesabatında Azərbaycanda söz azadlığının pozulmasından kifayət qədər xəbər verilir və bundan başqa hansısa konkret hadisəyə görə, həm ABŞ-dan, həm Avropa Birliyindən kəskin bəyanatlar eşidirik.
Bəyanatlar var, sanksiyalar yoxdur. Yəni, bəyanatdan başqa bizim hökumətə bu sahədə təzyiq göstərilmir.
SUAL: Eziz Hikmet bey Siz demokratiya ile baqli kitablara muelliflik edirsiniz. Azerbaycan hansi dovletcilik felsefesi ile idare edilir? Xarici ve daxili siyaset sosial sulh ucun bes edirmi, liberal munasibetler, sade vetendaslara gulush, sevinc getirirmi?
CAVAB: Bu gün Azərbaycanın idarəçiliyi “güc fəlsəfəsi” ilə idarə olunur. Yəni, “Mən güclüyəm, sən zəif, pulu gətir qoy bura” fəlsəfəsi. Belə fəlsəfə də var, demokratiyadan qabaq bütün əvvəlki sistemlər belə idarə olunur.
Sosial sülh bizdə nə gəzir?! Əslində, ölkədə Soyuq vətəndaş müharibəsi gedir.
“Liberal munasibetler, sade vetendaslara gulush, sevinc getirirmi?” sualını başa düşmədim. Bizdə liberal münasibətlər varmı ki, insanlara sevinc gətirsin. Bizdə mən dediyim “güc fəlsəfəsi” işləyir. Bəlkə siz liberalizmi vəhşi kapitalizm bilib, onu sosializmlə müqayisə etmək istəyirsiniz? Amma liberalizmlə vəhşi kapitalizm başqa-başqa şeylərdir. Liberalizm düzgün seçki, insan haqları və azad rəqabət deməkdir. Hələ ki, dünyada bundan başqa effektiv bir sistem yaranmayıb. Başqa sistemlər iflasa uğrayıb.
Emil Quliyev: Bununla da, bugünki canlı forum başa çatır. Biz oxucularımıza yüksək marağa görə, redaksiyamızın qonağı Hikmət Hacızadəyə isə maraqlı və təfərrüatlı cavablarına minnətdarlığızı bildiririk.
Hikmət Hacızadə: Suallara görə əziz oxuculara təşəkkür edirəm. Olduqca maraqlı suallar oldu. Əfsus ki, burdakı format geniş söhbət üçün o qədər də əlverişli deyil. Sağ olun! Bundan başqa Amerikanın səsinin Azərbaycan redaksiyasına məni etdiklərinə görə təşəkkürümü bildirirəm. Burada birinci dəfədir ki oluram. Hər şey çox maraqlıdır. Yorulmayasınız! Sağ olun!
Emil Quliyev: Sərbəst Kürsüdə növbəti müzakirələrdə görüşmək ümidi ilə