Amerika Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. O Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər, müdafiə, maliyyə nazirləri, deputatlar, müxalifət liderləri, qeyri hökumət təşkilatlarının təmsilçiləri və tələbələrlə pozitiv görüşlər keçirdiyini bildirib.
Cənab Rubinin fikrincə, 2011-ci ildə Amerika-Azərbaycan əlaqələrində böyük nailiyyətlər əldə edilib. “Biz, bu il də daha çox irəliləyişlər və təşəbbüslərin həyata keçirilməsində qətiyyətliyik. ABŞ və Azərbaycan çoxsaylı çağırışlar, problemlər və maraqları bölüşür. Amerika Azərbaycan cəmiyyətində fəaliyyətlərini genişləndirməyə çalışır və hər iki ölkə arasında tələbə mübadiləsini genişləndirmək arzusundayıq ki, vətəndaşlarımız bir-birini daha yaxından tanısın”.
O 2012-ci ilin Azərbaycan üçün çox əlamətdar olacağına inanır. “Azərbaycan BMT TŞ-nin qeyri daimi üzvü olub, Eurivizion-2012 mahnı müsabiqəsi kimi böyük miqyaslı tədbirə ev sahibliyi edəcək. Amerika Azərbaycana bu və ya digər məsələlərlə bağlı kömək göstərməyə hazırdır”.
Cənab Rubin Amerikanın Səsi radiosunun təhlükəsizlik, demokratiya
və vicdan məhbusları ilə bağlı sualının cavabında deyib ki, Azərbaycanda prezident və digər rəsmi şəxslərlə çox müxtəlif, geniş çeşidli məsələləri ətraflı müzakirə edib. “Biz təhlükəsizlik məsələlərini də müzakirə etdik. Təhlükəsizlik məsələlərində İranın təhdidi mərkəzi rol oynayır. İran nüvə silahı əldə edərsə region və bütövlükdə dünya üçün sülh və təhlükəsizlik baxımından təhlükə və təhdidlər törədə bilər. Biz bütün mümkün vasitələrlə, tərəfdaşlarımızla bunun qarşısını almaq üçün əlimizdən gələni etmək niyyətindəyik. Bu işdə əsas tərəfdaşlarımızdan biri də İranın qonşusu olan Azərbaycandır. Azərbaycanla danışıqlar aparırıq və çalışırıq İranı inandıraq ki, beynəlxalq ictimaiyyətlə danışıqlara başlasın. Dövlət Departamentinin sözçüsünün dünən qeyd etdiyi kimi, İranın qarşısında alternativlər var. Biz İranla danışıqlar stolu arxasında əyləşərək danışıqlar aparmağa hazırıq. İndi seçim İranındır”.
Dövlət katibinin köməkçisinin müavini Azərbaycanda demokratiya və vicdan məhbusları ilə bağlı Amerikanın Səsinin sualından isə yayınıb. “Prezident Əliyev və nazirlərlə görüşlərimdə Azərbaycanın apardığı çoxsaylı islahatlar, müxtəlif qurumların və konstitusion quruluşun təkmilləşdirilməsi sahəsində güclü dəstəyimizi ifadə etdim. Xalqlar arasında qarşılıqlı əlaqələrin, eyni zamanda müxtəlif mövzular, birgə maraqlar ətraflında birgə işlənməsi üçün güclü dəstəyimizi bildirdim. Biz ötən illər ərzində enerjinin işlənməsi və hasilatı sahəsində əldə olunmuş uğurlardan məmnunluğumuzu bildirdik və qarşıdan gələn illərdə də bu uğurların davam etdirilməsində marağımızı qeyd etdik”.
O ABŞ-ın Azərbaycana tezliklə səfir təyin etməsi üçün əlindən gələni edəcəyini bildirib.
“Metyu Brayza istedadlı diplomatdır, burada özünə xas olan peşəkarlıq və enerji ilə ürəkdən çalışıb. Prezident Obama onu ən münasib namizəd hesab etdiyi üçün bu təyinatı imzalayıb. Lakin, ABŞ konstitusiyasına görə qərarı Senat verir. Güman edirik ki, ABŞ-ın Azərbaycana səfir təyin etməsi vacibdir və Brayzanın səfir postunda qalmamasına çox təəssüflənirik. Biz yeni səfirin yaxın zamanlarda təyin olunması üçün əlimizdən gələni edəcəyik”.
Cənab Rubin Bakıda keçirdiyi danışıqlarda Qəbələ RLS-lə bağlı məsələnin müzakirə mövzusu olmadığını bildirib. O, eyni zamanda Əfqanıstana yüklərin daşınması məsələlərinin danışıqların gündəliyində olduğunu deyib. “Görüşlərimdə Azərbaycana bizim və NATO-nun Əfqanıstandakı fəaliyyətlərinə göstərdiyi dəstəyə görə minnətdarlığımızı bildirmişəm. Azərbaycan digər tərəfdaşlarımızla birgə əfqan xalqının öz gələcəyini müəyyən etməsində çox böyük rol oynayır. Əməkdaşlıq çərçivəsində hərbiçilərimiz birgə işləməyi öyrənib və bu, gələcək fəaliyyətlər üçün önəmlidir. Əgər sizin sualınızda hərbi avadanlıqlar və hərbi yüklərin daşınması nəzərdə tutulubsa, təəssüflə deməliyəm ki, bu kimi mövzular barədə təfərrüatı ilə məlumat verə bilmərəm”, - deyə o jurnalistin “Awaks” tipli təyyarələr və hərbi yüklərin Azərbaycan vasitəsi ilə daşınması barədə sualının cavabında deyib.
Amerika Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.