Baş prokuror Elşad Abdullayevin ekstradisiya olunacağından danışıb

Baş prokuror Zakir Qaralov

Elşad Abdullayevin oğurlanmış qardaşı barədə isə məlumat verilmir
Azərbaycan prokurorluğu Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin ekstradisiyası üçün müvafiq qurumlara müraciət edib. Bu barədə bu gün baş prokuror Zakir Qaralov jurnalistlərə bildirib.

“Mən əminəm ki, o, Azərbaycana ekstradisiya olunacaq”, o qeyd edib.

Prokurorluq Fransada siyasi sığınacaq alan E.Abdullayevi 137.3 (insan orqanlarının və ya toxumalarının alqı-satqısı) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrlə ittiham edir. Nəsimi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. E.Abdullayev ölkədə olmadığından prokurorluq onun barəsində axtarış elan edib.

Baş prokuror keçmiş rektorun qardaşı Mahir Abdullayevin 2003-cü ildə itkin düşməsi ilə bağlı istintaqın gedişi haqda məlumat verməyib.

Son ildə E.Abdullayev 20-yə yaxın videomaterial yayıb. Bu materiallarda onun həmsöhbətləri, müxtəlif dövlət qurumlarının nümayəndələri, qeyri-rəsmi şəxslər iri məbləğdə pulun müqabilində Mahir Abdullayevin azad edilməsinə yardımçı olmağı təklif edirlər.

Lakin indiyədək sözügedən vəzifəli şəxslərdən heç biri məsuliyyətə cəlb olunmayıb. Mahir Abdullayevin oğurlanması ilə bağlı yaradılmış istintaq qrupunun işində yeniliklər barədə də hər hansı məlumat verilməyib.