Accessibility links

Elşad Abdullayevin yeni müraciəti və videoları- Gürcüstanda kriminal strukturlar və Elmar Hüseynovun qətli


Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayev
Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayev

Onun sözlərinə görə, Azərbaycanda 52 adam oğurlanıb.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev “Yeni Müsavat” qəzetinə müraciət yollayıb.

E.Abdullayev yazıb ki, MTN zabiti Mahir Abdullayevin oğurlanması cinayəti ilə əlaqədar mütəşəkkil cinayətkar təşkilatın tapşırığı ilə bir sıra saxta müdafiə komitələri yaradılıb:

“Lakin bandanın çoxsaylı təzyiqlərinə və təqiblərinə baxmayaraq, 03 mart 2013-cü il tarixində Azad Mürsəliyevin rəhbərliyi ilə yaradılmış Mahir Abdullayevin hüquqlarını Müdafiə Komitəsi həqiqətən Mahir Abdullayevin hüquqlarını qoruyan müdafiə komitəsidir. İstintaqa kömək etmək məqsədilə Mahir Abdullayevlə bağlı kimdə nə məlumat varsa, xahiş edirəm bu komitəyə təqdim etsin. Mən Mahir Abdullayevin oğurlanmasl ilə əlaqədar bir sıra maddi sübutları, video-audio görüntüləri bu Müdafiə Komitəsinin Müstəqil Təhqiqat Komissiyasına təqdim etmişəm. Yalnız Azərbaycanda bu Müdafiə Komitəsinin yaydığı video-audio görüntülər etibarlı hesab edilir”, - o qeyd edib.

Elşad Abdullayev həmçinin yazır ki, banda öz başçısını gizlətmək və xalqı çaşdırmaq məqsədi ilə müxtəlif adla müdafiə komitələri yaradıblar. Onun sözlərinə görə, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın sifarişi ilə yaradılan “ABU tələbələrinin Müdafiə Komitəsi”, yaxud Mahir Abdullayevin “Müdafiə Komissiyası” cinayət məqsədi daşıyır: “Artıq belə saxta Müdafiə Komitələri bizim tərəfimizdən ifşa olunub. 03 mart 2013 il tarixində Azad Mürsəliyevin rəhbərliyi ilə Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi yaradılılıb. Bu Müdafiə Komitəsi həm də ABU-nun Hüquqlarının Müdafiə Komitəsidir. Bu, həm də, tələbələrin və müəllimlərin pozulmuş hüquqlarının bərpa olunması uğrunda mübarizə aparan obyektiv və qərəzsiz Müdafiə Komitəsidir. YUNESKO-nun əsas prinsiplərindən olan bir universitetin açılması bir həbsxananın bağlanması deməkdir. ABU bərpa olunmalıdır, tələbələr və müəllimlər auditoriyalarına qayıdıb təhsillərini davam etdirməlidirlər. ABU Məzunlar Assosasiyasının fəaliyyəti də səmərəlidir. Lakin Mahirin Hüquqlarının Müdafiəsi Komitəsindən başqa Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın sifarişi ilə daha bir hüquq müdafiə komitəsi yaradılıb - ABU-nun hüquqları pozulan tələbələrinin müdafiəsi. Bu müdafiə komitəsi Prezident Administrasiyasının müdiri Ramiz Mehdiyevin və baş prokuror Zakir Qaralovun təşəbbüsü ilə ABU-nun əmlakını və valideynlərin pulunu ələ keçirmək məqsədilə yaradılıb. Müdafiə Komitəsinə vəkil Ramiz Zeynalovun ”Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzilinin başçılıq etməsi qurumun hansı məqsədlə yaradılması haqda müəyyən fikrə gəlməyə əsas verir. Bu Müdafiə Komitəsi başqalarının əmlakını qanunsuz olaraq zor və fırıldaq yolu ilə ələ keçirmək üçün yaradılıb. Azərbaycan məhkəmə təcrübəsindən məlumdur ki, Ramin Nağıyevin dediyi kimi, “Qara Ramiz”, “Mersedes Ramiz”, “Qara advokat”, “Terrazina” - Avropa mediasında mənfi advokat obrazı, “doktor” - bunlar Ramiz Zeynalovun xalq arasında geniş yayılmış ləqəbləridir. O, həmişə baş prokuror Zakir Qaralova “mirzəlik” edib, onun tapşırığı ilə də həbsxanada yatan demokratik fikirli şəxsləri sındırmaq məqsədi ilə yanına yerləşdirilib".

Elşad Abdullayev onu da yazıb ki, ABU-in bağlanmasında günahkar kimdirsə tələbələrə və müəllimlərə dəymiş maddi və mənəvi ziyanı təqsirli şəxs ödəməlidir. Onun yazdığına görə, rektordan asılı olmayaraq ABU-nu Ramiz Mehdiyev ələ keçirmək məqsədi ilə bağladıb, hazırda da Ramiz Zeynalovun saxta Müdafiə Komitəsinin vasitəsi ilə mənimsəmək istəyir.

Sabiq rektor bu yerdə Ramiz Mehdiyevin ünvanına bir neçə ciddi ittiham yönəldib. Sabiq rektor iddia edib ki, ABU bərpa edilib fəaliyyət göstərsə, bir həftə içərisində tələbələri diplomla təmin etmək olar. Sabiq rektor müraciətinin sonunda qeyd edib: “Avropa Məhkəməsi beynəlxalq hüquq normalarını əsas götürərək ABU ilə bağlı özbaşınalığa son qoyacaqdır, ABU bərpa olunacaq və tələbələrin bütün problemləri həllini tapacaq. Bir universitetin açılması 30 həbsxananın bağlanması deməkdir”.
Elşad Abdullayev həmçinin bu günlərdə 2007-ci ildə çəkilmiş növbəti videoları yayıb.

“Azadlıq” qəzetinin yaydığı videoda MTN əməkdaşları Ilqar Abbasov və Fikrət Abbasovla Elşad Abdullayevin söhbəti əks olunub. Daha bir videoda isə Elşad Abdullayevlə milli təhlükəsizlik naziri Eldar Mahmudovun “qara işlərini” görən şəxs kimi təqdim edilən Sahibin söhbəti əks olunub. 4-cü videoda isə Natiq adlı adam da söhbətdə iştirak edir. Elşad Abdullayev qeyd edir ki, həmin şəxs Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşıdır. 4 videonun hamısında Elşad Abdullayevin oğurlanmış qardaşı MTN-nin zabiti Mahir Abdullayevin saxlandığı yerlər, onun qaytarılması üçün aparılan danışılar əks olunur.

Videoların birində əks olunmuş dialoqun stenoqramını təqdim edirik:

Natiq: Elşad müəllim, bu gün Mahirdən sizə zəng oldu?

Elsad: Bu gün səhər saat 06:15 dəqiqədə Mahirdən mənə zəng gəldi.

Natiq: Bizimlə o tərəfin adından Mahirin dostu Qulu Cəfərov (gürcüstanlı, MTN Akif Covdarovun adamı, qohumu) gəlmişdi. Dünən, Qulu “TT” tapança ilə gəlmişdi.

Sahib: Dünən Mahirin dostu Quluya “Kalaşnikov” avtomatı dirədik, dedik ki, əgər Mahirin başından bir tük əksik olsa səni məhv edərik.

Elşad: Gürcüstanlı Qulu həmişə Mahirin yanında olub, şəkili Eldar Quludan da çox rol oynayıb.

Natiq: Əvvəlcə istəyiblər ki, Mahiri öldürsünlər, 2 ay Bakıda saxladıqdan sonra, Minvodla Orcenikedzenin arasında Nevmedoski deyilən yer var, Gürcüstandan 200 km. aralı (həmin yeri daxili işlər nazirinin müavini Zahid Dünyamalıyev də əli ilə yazıb mənə göstərmişdi). Mahir heç nədən hökmdar qadının zibilinə düşüb, quyruqlu qadındır, yəni arxalı. O biri tərəf qara “BMW” cipdə silahlı-avtomatlı gəlmişdi. Mən, Mirbaba, Şahin danışıq apardıq. O biri tərəf sevindi, onların məqsədi o olub ki, sizdən pul qopartsınlar. Mahiri 7 ay heç kim axtarmayıb, “polnıy boyevoy” idilər. 3 aydan sonra Mahiri qaytarıblar Bakıya, Eldəniz müəllim də gündə yanından keçir, özü də gündə kiçik pəncərədən görür. Mahiri 7 ay heç kim axtarmayıb, sizdən pul çəkmək istəyiblər, adam oğruları fahişə kimi şeylərdir, onlar da namus-qeyrət deyilən şey yoxdur, 52 adam oğurlanıb.

Maraqlı cəhətlərdən biri də budur ki, istər Mahir Abdullayevin oğurlanması, istərsə də “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində izlər Gürcüstanda yaşayan azərbaycanlıların kriminal strukturlarına gedib çıxır. Hər iki halda bu kriminal strukturlarla bağlı istintaq orqanı hər hansı nəticəyə nail ola bilmir. Bu da sual doğuran mühüm cəhətlərdən biridir.
XS
SM
MD
LG