Accessibility links

Sevinc Babayeva müəmması


Sevinc Babayeva
Sevinc Babayeva

Azərbaycanın yüksək vəzifəli şəxslərinə rüşvət çatdırmaqda adı hallanan S.Babayevanın ölməsi barədə məlumat yaılıb. Barəsində cinayət işi olan şəxsin sərhəddi necə keçməsi, ölməsi və ya öldürülməsi müəmma olaraq qalır

Fəaliyyəti dayandırlmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı videolarda özünü yüksək vəzifəli şəxslərə rüşvət çatdıran şəxs kimi təqdim edən Sevinc Babayevanın ölməsi ilə bağlı xəbərlər yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov yerli mediaya bildirib ki, Məmmədov Ayxan Eldar oğlu dekabrın 27-də saat 16:00-da Bakı şəhər prokurorluğuna zəng edərək, anası Sevinc Babayevanın Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat etdiyini bildirib.

Prokurorluq dəqiqləşdirmələr aparıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcəyini vəd edib.

Bununla yanaşı, barəsində cinayət işi qaldırlmış və İnterpol xətti ilə axtarışda olan şəxsin ölkənin sərhədlərini necə keçməsi barədə məlumat verilmir.

Xatırladaq ki, sentyabrın 25-də hakim Yeni Azərbaycan Partiyasının üzvü olan deputat Gülər Əhmədovanın sabiq rektor Elşad Abdullayevdən rüşvət istəməsini əks etdirən video yayılıb.

Videoda Sabir adına kitabxana-klubun keçmiş direktoru Sevinc Babayeva və sabiq deputat Gülər Əhmədova ilə Elşad Abdullayev arasında Milli Məclisin üzvü olması üçün böyük məbləğdə rüşvət verməsi barədə söhbət əksini tapıb.

E.Abdullayev dekabrın 13-də daha bir video yayıb. Videoda Elşad Abdullayevin Sevinc Babayeva ilə söhbəti yer alır. S.Babayeva E.Abdullayevi əmin edir ki verdiyi rüşvətin müqabilində deputat mandatı alacaq, çünki səsvermə protokolları Elşad Abdullayevin xeyrinə dəyişdirilib.

Bakı Şəhər Prokurorluğu videolar yayılandan sonra Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla dələduzluq) iş qaldırıb. Gülər Əhmədova deputat mandatını geri qaytarıb və istintaqda şahid qismində dindirilib.

Sevinc Babayevadan isə uzun müddətdir xəbər yoxdur. Onun barəsində xaricə qaçması, rüşvətdə adı hallanan məmurlar tərəfindən gizlədilməsi və ya öldürülməsi barədə şayiələr dolaşmaqdadır. Rəsmi orqanlar isə S.Babayevin taleyi ilə bağlı hər hansı məlumat yaymayıb. Yalnız bir neçə gün öncə onun İntepol vasitəsi ilə axtrıldığı məlum olub. İnterpolun rəsmi saytında bununla bağlı məlumat yerləşdirilib.
S.Babayevanın ölümü barədə yayılan xəbərlər ictimaiyyət tərəfindən də birmənalı qarşılanmır.

Vəkil Aslan İsmayılov “Media forum” saytına bildirib ki, Sevinc Babayevanın ölüm xəbəri doğrudursa, bu, Elşad Abdullayevdən deputat mandatı üçün rüşvət alınması faktı üzrə açılan cinayət işinin istintaqını xeyli çətinləşdirəcək.

Aslan İsmayılov Sevinc Babayevanı iş üzrə “ən çox məlumata malik olan və ifadə verməyə meylli olan, hadisəni təfərrüatı ilə danışa biləcək şəxs” kimi xarakterizə edib.

“Yayılan videolardan da bu aydın görünürdü. Ona görə də onun öldüyü doğrudursa, istintaqın işi ciddi şəkildə çətinləşəcək”.

Vəkil hesab edir ki, S.Babayevanın hansı xəstəxanada müalicə olunduğu, həqiqətən də orada olub-olmadığı, hansı şikayətlə xəstəxanaya müraciət etdiyi, Azərbaycanda olarkən hər hansı xəstəliyinin olub-olmadığı, olubsa, harada müalicə aldığı araşdırılmalıdır.

“Sevinc Babayevanın öz əcəli ilə keçindiyi, yoxsa öldürüldüyü də suallardan biridir. İndi bunu qəti demək mümkünsüzdür”, o qeyd edib.

Elşad Abdullayevin vəkili Adil İsmayılov isə “Media forum” saytına deyib ki, Sevinc Babayeva ölübsə, Türkiyənin hüquq mühafizə orqanları bu fakta qiymət verəcək.

“İşin necə araşdırılmasını isə istintaqçılar müəyyən edəcək. Hadisələri qabaqlayıb hər hansı fikir bildirmək istəmirəm”.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG