Elmar Məmmədyarov: İran parlamentində ikitərəfli əlaqələr üçün xoşagəlməz diskussiyalar başlayıb

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi davam edir

İran parlamentində Azərbaycanın ərazi bütövlüyünün əleyhinə yönəlmiş bəyanatlar səslənməkdədir
“İran parlamentində ikitərəfli əlaqələr üçün xoşagəlməz diskussiyalar başlayıb. Mən inanmıram ki, belə bir xoşagəlməz hərəkətlər hansısa bir nəticə ilə yekunlaşacaq. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyanın baş nazirinin müavini, xarici və Avropa işlər naziri Miroslav Layçakla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında Amerikanın Səsinin İran parlamentində Azərbaycanın ərazi bütövlüyünü təhdid edən müzakirələrlə bağlı sualının cavabında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın İrandakı səfirliyi İran parlamentindəki müzakirələri izləyir. “Mən inanmıram ki, İran hökuməti belə hansısa xoşagəlməz hərəkətlərə yol verəcək”, - nazir qeyd edib.

Xatırladaq ki, Urmiyadan seçilən azərbaycanlı deputat Nadir Qazipur İran parlamentindəki çıxışında Azərbaycan Respublikasına xəbərdarlıq edib.

Qazipur deyib: “Mən ölkənin şimal-qərb əyalətlərinin parlamentdəki deputatlarının adından Azərbaycan Respublikasına xəbərdarlıq edib bildirirəm ki, bu ölkə (Azərbaycan) məntəqə əhalisi və sərhədyanı ərazilərdə yaşayanlara qarşı bəzi rəftarlarını dayandırmasa, mənfur “Gülüstan” və “Türkmənçay” müqavilələrini parlamentdə gündəmə gətirib müzakirəyə çıxaracağıq.

Azərbaycan Respublikası bölgə əhalisi ilə davranışda ağıllı tərpənməlidir. Əks təqdirdə biz Azərbaycan Respublikasını geri qaytarmaq üçün mənfur Gülüstan və Türkmənçay müqavilələrini parlamentdə araşdırmaq məcburiyyətində qalacağıq”, - o qeyd edib.

İran parlamentinin həmçinin bir qrup deputatı isə “Gülüstan” sülh müqaviləsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü təhdid edən qanun layihəsi hazırlayacaqlarını bildirib.

“Gülüstan” müqaviləsi – 1813-cü il oktyabrın 12-də Gülüstan kəndində (hazırki Azərbaycan ərazisi) Rusiya ilə İran arasında imzalanıb. Sənəd Birinci Rusiya-İran müharibəsinin qurtarmasının nəticəsi olaraq bağlanıb. Sülh müqavilənin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilib.

“Türkmənçay” müqaviləsi İkinci Rusiya-İran müharibəsinin nəticəsi olaraq 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında Türkmənçay kəndində (hazırki İran ərazisi) bağlanıb. Müqaviləyə əsasən Azərbaycanın Araz çayından şimaldakı bütün əraziləri Rusiyanın, Arazdan cənubdakı əraziləri isə İranın əlinə keçib.