Accessibility links

İran deputatlarının Türkmənçay müqaviləsinə yenidən baxılması təklifinə Azərbaycandan cavablar


Xəritə
Xəritə

Siyavuş Novruzov: “1828-ci ildə parçalanan Azərbaycan torpaqları vahid Azərbaycan dövləti altında yenidən birləşə bilər.”

İran parlamentinin bir sıra üzvləri Türkmənçay müqaviləsinə yenidən baxılmasını və Azərbaycan ərazilərinin yenidən İrana birləşdirməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyirlər.

APA agentliyinin məlumatına görə, Ərdəbildən olan deputat Kəmaləddin Pirmoazzən parlamentin Azərbaycan dilli deputatlarının qanun layihəsini yaxın vaxtlarda hazırlayacaqlarını bildirib.

“Rusiya ilə 1828-ci ildə imzalanan müqavilənin müddətinin bitdiyini nəzərə alaraq İranın şimal regionlardan olan deputatların forumu qərara alıb ki, bu sənədə yenidən baxılsın. Biz çalışarıq ki, bütün imkanlardan istifadə edərək, öz hüquqlarımızı bərpa edək”.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov isə APA agentliyinə deyib ki, İran parlamentində Türkmənçay müqaviləsinə yenidən baxılması ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılmasına Azərbaycan dövləti ancaq sevinir.

Onun sözlərinə görə, bu müqaviləyə yenidən baxılmasının yeganə nəticəsi o ola bilər ki, 1828-ci ildə parçalanan Azərbaycan torpaqları vahid Azərbaycan dövləti altında yenidən birləşə bilər.

“Buna indi şərait və hüquqi baxımdan tam imkan var”.

S. Novruzov qeyd edib ki, o dövrdə Türkmənçay sülh müqaviləsini İran tərəfdən imzalayanlardan biri də Azərbaycan əsilli xanədana məxsus Abbas Mirzə olduğu üçün bu müqavilə hüquqi baxımdan farslara deyil, azərbaycanlılara məxsusdur.
“İndi də İran parlamentində bu müqaviləyə yenidən baxılmasının yeganə hüquqi səbəbi ondan ibarətdir ki, cənubdakı Azərbaycan torpaqları Azərbaycan Respublikasına birləşdirilsin, vahid Azərbaycan dövləti yaradılsın”.

Qanun layihəsinin İran tərəfdən Azərbaycana qarşı ərazi iddiası qaldırılması məqsədi daşıması barədə fikirlərə münasibət bildirən S. Novruzov deyib ki, İranda həmişə azərbaycanlılar hakimiyyətdə olub.

“Şah İsmayıl Xətaidən son dövrlərə kimi orada hakimiyyət azərbaycanlılara, türklərə məxsus olub. Biz də o nəslin davamçıları olan türklərik. Farslar həmişə bizim əsarətimizdə olublar. Ona görə də indiki İran hakimiyyəti Azərbaycana qarşı ərazi iddiası ilə bağlı lap əlli qanun layihəsi qəbul etsələr belə, heç bir hüquqi və faktiki mənası yoxdur. Əksinə, məsələnin hüquqi tərəfi bizim xeyrimizədir”.

“Media forum” saytının məlumatına görə, aprelin 9-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də Fatimeyi-Zəhranın vəfatı günü münasibətilə keçirilən mərasimdə İran-Azərbaycan münasibətlərinə toxunub.

“Hər iki tərəfdə bu münasibətlərə xələl gətirmək istəyən qüvvələr var. Amma biz din adamları buna imkan verməməliyik. İranla Azərbaycanın qardaşlıq münasibətlərinin daha da yaxşılaşmasına çalışmalıyıq”, şeyxülislam qeyd edib. .
XS
SM
MD
LG