İran xarici işlər naziri Əli Əkbər Salehi səfir bu ölkənin Azərbaycandakı səfirinin ölkəsinə çağırılmasına münasibət bildirib. İranın Azərbaycandakı səfirliyinin rəsmi saytının məlumatına görə, nazir Slaehi səfir Məhəmmədbağır Bəhraminin Azərbaycandan qayıdışı və bu ölkədə yol verilən təhqirlər barədə deyib: Azərbaycan Respublikası bizim qonşumuz olmaqla yanaşı dünyanın ikinci şiə dövlətidir və dəfələrlə bildirmişik ki, iki dövlət və iki xalqın maraqları ilə üst-üstə düşən bəzi məsələlərə riayət etsin.
Salehi əlavə edib: “Dünyanın hər bir yerində şiə mərcələrinin davamçıları yaşayır və onlar üçün ölüm mənasızdır. Bir problem ortaya çıxdıqda dini mərcələr həmin problemə dair mövqe nümayiş etdirir. Azərbaycan rəsmiləri də bu məsələyə diqqətlə yanaşmalıdırlar”.
O sonra vurğulayıb: “Biz son vaxtlar meydana çıxmış problemlərin aradan qaldırılması üçün maksimum səy göstəririk. Ümidvarıq ki, Azərbaycan hökuməti Azərbaycan dövlətinə və xalqına yaraşmayan və İran səfirliyi qarşısında baş vermiş son yanlış və xoşagəlməz hərəkətə reaksiya verəcək, onu pisləyəcək və bir daha belə hadisələrin təkrar olmasına yol verməyəcək”.
İran İslam Respublikasının xarici işlər naziri əlavə edib: “Hal-hazırda ikitərəfli əlaqələr sahəsində lazımi siyasi addımlar atılmaqdadır. Dini prinsiplərdən irəli gələn məsələlər çox həssas olduğundan hamı bu məsələlərdə diqqətli olmalıdır, yoxsa heç bir ölkə başqa bir ölkənin daxili işlərinə qarışmaq niyyətində deyildir”, - deyə nazir qeyd edib.
Öz növbəsində, Azərbaycan Xarici İşlər nazirliyi İranın xarici işlər nazirinin bəyanatına dərhal reaksiya verib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə İran xarici işlər naziri Əli Əkbər Salehinin bəyanatını şərh edərkən bildirib ki, Azərbaycanın ünvanına xoşagəlməz və təxribat xarakterli şüarlar səslənməsinə görə İranın üzr istəməsini gözləyirik.
APA Agentliyinin xəbərinə görə, cənab Abdullayev bildirib ki, İran rəhbərliyi Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında yenidən aksiyaların keçirilməsinə yol verməməlidir.
XİN sözçüsü jurnalistlərin suallarına cavabında İran mətbuatının Azərbaycanın bu ölkədəki səfirinin bu gün İran XİN-ə çağırılması və ona nota verilməsi barədə məlumatlarına da aydınlıq gətirib. “Azərbaycan səfiri İran XİN-ə dəvət olunsa da, ona hər hansı nota verilməyib”, - deyə o qeyd edib.