Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Azərbaycan-İran münasibətlərindəki son durumla bağlı Amerikanın Səsi radiosuna müsahibə verib.
O bildirib ki, Azərbaycan heç bir zaman hansısa ölkə tərəfindən istiqamətləndirilməsinə yol verməyəcək. “Bu baxımdan Azərbaycanın qonşu ölkələrlə yaxınlaşması çox aydın və konkretdir. Bizim yaxınlaşmamız qarşılıqlı hörmət və bir-birinin daxili işinə qarışamama prinsipinə söykənir”.
Bununla yanaşı, İran səfirliyi səfirin Tehrana çağırılmasına aydınlıq gətirib.
Milli Məclisdə isə İranın anti Azərbaycan siyasəti tənqid olunub.
Sual: İranın Azərbaycandakı səfirliyi bu ölkənin səfirinin məsləhətləşmələr üçün Tehrana çağırılması barədə bəyanat yayıb. Necə qiymətləndirirsiniz?
Cavab: İran Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirini dəvət edərək bu ölkənin Azərbaycandakı səfirinin yalnız məsləhətləşmələr xatirinə Tehrana çağırıldığını və hər hansı problemin olmadığını bildirib. Təəssüflər olsun ki, digər tərəfdən də müxtəlif dairələr bunu böyüdərək hansısa bir reaksiya kimi göstərməyə cəhd edib. Mənə elə gəlir ki, hər bir şəxs, o cümlədən İrandakı o, qüvvələr də bilməlidir ki, Azərbaycan müstəqil bir ölkədir. Azərbaycanla bağlı hər hansı bir basqı, hər hansı bir təzyiq, Azərbaycanın siyasətini dəyişdirməyə cəhd faydasızdır və bunu Azərbaycan dövləti heç zaman yaxına buraxmaz və qəbul etməz. Azərbaycan dünyaya açıq, müasirliyə, modernləşməyə meylli bir ölkədir. Azərbaycan dünya sivilizasiyasına öz töhfəsini vermiş, zəngin mədəniyyətə və tarixə malik bir ölkədir. Biz heç bir zaman ölkəmizin hansısa ölkə tərəfindən istiqamətləndirilməsinə yol vermərik. Bu baxımdan Azərbaycanın qonşu ölkələrlə yaxınlaşması çox aydın və konkretdir. Bizim yaxınlaşmamız qarşılıqlı hörmət və bir-birinin daxili işinə qarışmamaq prinsipinə söykənir.
Sual: İranın müxtəlif şəhərlərində, o cümlədən İranda yaşayan azərbaycanlıların özünə paytaxt hesab etdiyi Təbrizdə, Ərdəbildə Azərbaycan Respublikası əleyhinə aksiyalar keçirilir. Azərbaycan bunu necə qiymətləndirir?
Cavab: Burada Azərbaycan dövlətçiliyi əleyhinə səsləndirilən ifadələr çox mənfi və qəbuledilməzdir. Təbii ki, buna qarşı mövqeyimiz birmənalıdır və adekvat reaksiyamızı da verdik. Bu cür şüarların səsləndirilməsinə heç zaman biganə qala bilmərik və mövqeyimizi də ortaya qoyduq.
Sual: İran tərəfi yüksək səviyyədə olmasa da, ayətullahlar səviyyəsində Azərbaycanda Eurovision-un keçirilməsinə etiraz edir və Azərbaycanda keçiriləcəyi barədə məlumat belə olmayan gey-paradın guya Bakıda keçirildiyini iddia edərək bunun əleyhinə çıxırlar. Bu bəyanatlara münasibətiniz necədir?
Cavab: Bu bəyanatları absurd hesab edirəm. Çünki, biz dəfələrlə qeyd etmişik ki, belə paradlar Azərbaycanda keçirilməyəcək və ümumiyyətlə keçirilməsi nəzərdə tutulmur.
Eurovision Avropa səviyyəsində möhtəşəm bir musiqi müsabiqəsi tədbiridir. Azərbaycan da qalib ölkə kimi bu müsabiqəyə ev sahibliyi edir. Müəyyən dairələrin və ya şəxslərin Azərbaycana qarşı ifadələrinə gəlincə, bunu qısqanclıq kimi qəbul etmək olar. Bunu Azərbaycanın inkişafını, dünyaya inteqrasiyasını həzm etməmək kimi qəbul etmək olar. Azərbaycan bu gün bir çox ölkələrə inkişaf, açıqlıq, çoxmədəniyyətlilik, dünyəvilik baxımından nümunədir.
Hesab edirik ki, Azərbaycanın inkişafı həm də regionun inkişafına yönəlib. Bu baxımdan qəbul etmək lazımdır ki, Azərbaycan artıq 20 il əvvəlki deyil, hərtərəfli inkişaf edən ölkədir. Məhz, bu birmənalı qəbul edilməlidir.
Sual: İran Xarici İşlər Nazirliyi səfirin geri çağırılması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə nota təqdim edibmi?
Cavab: Azərbaycan Xarici İşlər Nazirliyinə məlumat verilib. Azərbaycanın Tehrandakı səfiri İranın Xarici İşlər Nazirliyinə də dəvət edilib və bu barədə məlumat verilib.
Sual: Azərbaycanla İran arasında qarşılıqlı müqavilələr, sazişlər mövcuddur. Bir-birinin daxili işlərinə qarışmamaq, mehriban qonşuluq siyasəti, bir-birinin ərazisində təbliğat aparmamaq, xüsusilə də siyasi fəaliyyətlə məşğul olmamaqla bağlı sənədlər imzalanıb. İranın Azərbaycana qarşı belə siyasətinin əsasında nə durur?
Cavab: Mövqeyimiz baxımından onu deyə bilərəm ki, Azərbaycan hər zaman qonşuları ilə münasibətlərinə çox böyük əhəmiyyət verib və qonşu ölkələrə ehtiram nümayiş etdirərək onlarla münasibətlərinin inkişafına çox ədalətli mövqedən yanaşıb.
Biz qonşu ölkələrlə münasibətlərin inkişafında hər zaman maraqlı olmuşuq və onların daxili işlərinə heç bir zaman qarışmamışıq. Onların da bizim daxili işlərimizə qarışmamasını tələb etmişik. Azərbaycan qonşu ölkələrlə hər zaman bərabər hüquqlu, bərabər səviyyəli münasibətlərin davam etdirilməsində maraqlı olub. Əminik ki, münasibətlərimiz bu cür də davam edəcək. Bir daha qeyd etmək istəyirəm ki, daxili işlərimizə kiminsə qarışmasına heç zaman imkan verməyəcəyik.
Dediyiniz sazişlərə gəldikdə isə Azərbaycan hər zaman bu sazişlərə sadiqdir və riayət edir. İran nümunəsində qeyd etmək istəyirəm ki, Azərbaycan İrana hər zaman çox gözəl münasibət bəsləyib, İranın daxili işlərinə qarışmayıb və İrandan bu gün də məhz bunu tələb edir.
Sual: İki dövlət arasında münasibətlər bundan sonra necə olacaq. Azərbaycan İranla bağlı siyasətinə yenidən baxa bilərmi?
Cavab: Azərbaycan hər hansı bir ölkə ilə münasibətlərini davam etdirərək, ilk növbədə ölkəmizin, xalqımızın, dövlətimizin milli maraqlarını rəhbər tutur. Bu milli maraqlar baxımından ölkələrlə münasibətlərimizi davam və inkişaf etdiririk. Bu baxımdan Azərbaycanın yanaşması çox aydındır. Biz müstəqil xarici siyasət həyata keçiririk. Bu müstəqil siyasətdə isə önəmli yer alan xalqımızın milli marağıdır.
Öz növbəsində, mayın 22-də İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Əhməd Neyməti səfirin Tehrana çağırılması ilə bağlı bildirib ki, dini müqəddəslər təhqir olunduğuna görə səfir Məhəmmədbağır Bəhrami lazımi məsləhətləşmələrin aparılması üçün mayın 21-də axşam Tehrana gedib.
Cənab Neyməti hansı təhqirdən söhbətin getdiyini açıqlamayıb. Bununla yanaşı, bir neçə gün öncə İranın Azərbaycandakı səfirliyi bəyanat yayaraq bu ölkəyə qarşı Azərbaycanda keçirilən etiraz aksiyaları zamanı “dünya şiələrinin lideri Əli Xamneyinin təhqir edilməsinin yolverilməz olduğunu” bildirib.
Bu gün Azərbaycan Milli Məclisin plenar iclasında da İranın antiazərbaycan siyasəti müzakirə mövzusu olub. Deputatlar İranın siyasətini, həmçinin bu İranın Azərbaycandakı səfirinin öz ölkəsinə getməsini kəskin tənqid ediblər.
İqtidarda olan “Yeni Azərbaycan” Partiyasının İcra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib ki, islam ölkəsi olan İran təcavüzkara - xristian Ermənistana yardım edir, amma Tehran Azərbaycana belə yardım göstərməkdən imtina edir. “Səfirin geri çağırılması yolverilməz addımdır, hər iki ölkənin mənafeyinə ziddir”.
Müstəqil deputat Qənirə Paşayevanın sözlərinə görə, İran islam pərdəsi altında antiazərbaycan siyasəti yeridir. O, bu günlərdə oğurlanmış iki gənc azərbaycanlı şairi xatırladıb.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev bildirib ki, İranda bütün mənəvi və dini dəyərlər pozulur. “Gey-parad daha çox onlara yaraşır, nəinki Azərbaycana. “Geylik” daha çox onların mədəniyyətinin bir hissəsidir”, - o vurğulayıb.
Səfirin geri çağırılmasına gəlincə, “onu qovmaq lazım idi”, - deyə cənab Həsənquliyev bildirib.
YAP İcra katibinin digər müavini, deputat Siyavuş Novruzov xatırladıb ki, prezident Əliyev bildirib ki, Azərbaycan üçüncü ölkənin İrana qarşı onun ərazisindən istifadə etməsinə yol verməyəcək. “İran daha nə istəyir?”, - deyə o sual edib.
Vitse-spiker Bahar Muradova hesab edir ki, antiazərbaycan kampaniyası “Eurovision” sahibi olan Azərbaycana qısqanclıqdan irəli gəlir.
Spiker Oqtay Əsədov onun fikrini dəstəkləyib.