Nəsimi Rayon Məhkəməsinin icraçıları daxili işlər nazirinin iddiasına əsasən kinorejissor Eldəniz Quliyevin 1000 manat ödəməsini tələb edir.
Bundan əlavə, məhkəmə E.Quliyevə cəza olaraq Nəsimi rayon 14 saylı Mənzil-İstismar Sahəsində ictimai işə cəlb olunması barədə qərar verıb.
Kinorejissor bu cəzanı qanunsuz hesab edir. 47.4.4-cü maddəyə əsasən bu cəza pensiya yaşında olan şəxslərə təyin edilə bilməz. Bu barədə Amüerikanın Səsinə Eldəniz Quliyevin özü bildirib.
E.Quliyevin sözlərinə görə, onun daimi işi yoxdur və ona sifariş verilmir. Odur ki, cərimənin hissə-hissə ödənilməsini xahiş edib, lakin bundan imtina edilib.
E.Quliyev həmçinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məhkəməyə müraciət edib.O eyni zamanda ictimai işə cəlb olunma barədə cəzanın ləğvini istəyir.
İşə iyunun 1-də Nəsimi rayon Məhkəməsində baxılacaq.
Xatırladaq ki, 2014-cü il avqustun 20-də E.Quliyev Facebook səhifəsində yol polisinin hərəkətini tənqid edib. DİN rəhbəri bunu polis üçün təhqir və böhtan sayıb, şərəf və ləyaqətin qorunması ilə bağlı iddia qaldıraraq E.Quliyevin məsuliyyətə cəlb olunmasını tələb edib.
Oktyabrın 30-da məhkəmə E.Quliyevi 1000 manat cərimə edib və 480 saat ictimai işə cəlb edib. Aprelin 2-də Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.
E.Quliyev Demokratik Qüvvələrin Milli Şurasının üzvü və Ziyalılar Birliyinin rəhbəridir