Accessibility links

Ziyalılar Birliyinin sədrinə qarşı məhkəmə başlayıb


Siyasi və ictimai xadimlər Eldəniz Quliyevə qarşı məhkəmədə
Siyasi və ictimai xadimlər Eldəniz Quliyevə qarşı məhkəmədə

Sentyabrın 8-də Bakının Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə Daxili İşlər naziri Ramil Usubovun Ziyalılar Birliyinin rəhbəri, Milli Şuranın üzvü Eldəniz Quliyevə qarşı iddiasına baxılmasına başlanıb.

İddiaçı Quliyevin Azərbaycan Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.

Usubovun nümayəndəsi, vəkil Əlirza Əbilov ittihamı elan edib. İttihama əsasən, Quliyev moderator.az saytında avqustun 20-də dərc edilmiş materialda polisin şərəf və ləyaqətini təhqir edib, onun işgüzar nüfuzuna ziyan vurub.

“Eldəniz Quliyevin Ramil Usubova şokedici müraciəti” başlıqlı bu materialda Quliyev yol polisinin fəaliyyətini tənqid edib.

Xüsusən, Quliyev bildirib ki, yol polisi əməkdaşlarının Bakının mərkəzində heç bir səbəb olmadın sürücüləri dayandıraraq, onların qaydaları pozması haqqında protokollar tərtib etməsinin, bunun ətrafdakıların gülüşünə səbəb olmasının şahidi olub.

Lakin Əbilovun iddiasına görə, yol polisi əməkdaşları qanunu pozmurdular. Onun sözlərinə görə, hələ hazırlıq iclasında onlar müşahidə kameralarından videoçəkilişlərin yer aldığı disk təqdim ediblər.

Əbilova görə, əslində Quliyevin içərisində olduğu avtomobil Puşkin və Dilarə Əliyeva küçələrinin kəsişməsində ona görə dayandırılıb ki, sürücü “zebrada” piyadalara yol verməyib. Bundan sonra Quliyev maşından düşərək, polislərə kobudluq etməyə başlayıb və maşının sürücüsünə deyib ki, polisin protokolunu imzalamasın.

Usubovun vəkili iddia edib ki, Quliyev yol polisini sürücüləri əsassız olaraq dayandıraraq, protokollar tərtib etməkdə ittiham etməklə, yol polisinə böhtan atıb.

Əbilovun sözlərinə görə, nazir aşağıdakı ifadəni polisə təhqir hesab edir:

“Yəqin ki çoxlarına tanış mənzərədir: daha çox mal oğrusunu xatırladan polis formalı, elementar mədəniyyətdən kənar robot-kobud gədələr hamının gözü önündə sürücülərə şər ataraq onları cəzalandırır, hövsələdən çıxarır, kobudluğa təhrik edir və s. və i.a. Və bu aşkar qanunsuzluqların ətrafda olanlarda, yəni onların bu canfəşanlığını müşahidə edənlərdə heyrət, acı təəssüf və nifrət hissi doğurduğunu heç veclərinə də almırlar...”

Həmçinin, aşağıdakı ifadə naziri qəzəbləndirib:

“Bütün texniki avadanlıqla, genş səlahiyyətlərlə, müasir polis geyimi, sürətli avtomobillərlə və s. təchiz-təmin edilmiş yol polis əməkdaşlarının bir çoxu ən əsas keyfiyyətdən – mədəniyyətdən və etik davranış qaydalarından məhrumdular”.

Vəkil Elçin Sadıqovun Usubovun özünə hansı ziyanın vurulması haqqında sualına cavabda onun nümayəndəsi bildirib ki, DİN rəhbəri polis orqanına rəhbərlik edir və özü də polis işçilərindən biridir.

Usubovun polisin işgəncələrə yol verməsi, rüşvət alması faktları haqqında danışılan hesabatlara necə reaksiya verdiyi barədə suala cavabda Əbilov deyib ki, bu, araşdırma müəlliflərinin subyektiv fikirləridir.

Daha sonra vəkil Sadıqov Usubovun özünün məhkəməyə çağırılması haqqında vəsatət qaldırıb, belə ki, o, yalnız iddiaçı deyil, həm də zərərçəkmişdir. Eldəniz Quliyev də bunu tələb edib. Lakin hakim bildirib ki, qanun məhkəmədə iddiaçının nümayəndəsinin iştirakına yol verir.

Eldəniz Quliyev bildirib ki, özünü təqsirli bilmir. Polis onların maşınını dayandırıb və sürücüyə kobud şəkildə deyib: “Sənin yol hərəkəti qaydalarını pozduğunu deyirlər...”.

“Video görüntülər varsa, orada bu da olmalıdır. Polisin “ey, buraya gəl” deyə müraciət etdikləri yaşlı insana qarşı kobud rəftarı da məni qəzəbləndirib”, deyə Quliyev bildirib.

O qeyd edib ki, o, bunun təsiri altında bu barədə öz facebook səhifəsində yazıb, moderator.az isə onun xəbəri olmadan materialı dərc edib.

Quliyev bildirib ki, öz fikrində qalır. O, KİV-də, sosial şəbəkələrdə, youtube-da polisin qanunsuz əməlləri haqqında çox sayda material var.

Quliyev qeyd edib ki, onun cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbi ictimai-siyasi fəaliyyətidir.

Vəkil Sadıqov həmçinin bildirib ki, Quliyevin ifadələrində təhqir və böhtan yoxdur və bu, onun mühakiməsidir.

Lakin Usubovun nümayəndəsi linqvistik ekspertizanın keçirilməsində israr edib və hakim bunu təsdiq edib. Bununla əlaqədar olaraq, proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, Quliyevə ictimai dəstək üçün məhkəməyə böyük bir qrup, o cümlədən Milli Şuranın rəhbəri Cəmil Həsənli, AXCP lideri Əli Kərimli, müxalifətin digər nümayəndələri və ictimai xadimlər gəlib.

XS
SM
MD
LG