Oktyabrın 20-də Nəsimi Rayon Məhkəməsində daxili işlər naziri Ramil Usubovun Azərbaycan Ziyalılar Birliyinin sədri, müxalif Milli Şuranın üzvü, kinodramaturq Eldəniz Quliyevdən şikayəti üzrə proses davam edib.
Mühakimə sentyabrın 8-də başlayıb. Ramil Usubov Eldəniz Quliyevin Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə cəzalandırılması üçün xüsusi ittiham qaydasında iddia qaldırıb.
İddiaya səbəb Eldəniz Quliyevin yol polisi barədə yazdıqları olub. Eldəniz Quliyev “Facebook” səhifəsi vasitəsilə Ramil Usubova müraciət ünvanlayıb. “Moderator.az” saytında da dərc olunan müraciətdə bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini yazan Eldəniz Quliyev naziri konkret addımlar atmağa səsləyib.
8 sentyabr prosesində hakim Eldəniz Quliyevin “Facebook” statusunda gedən bəzi ifadələrin məhkəmə linqvistik ekspertizasına təqdim olunmasına qərar verib. Ekspertiza Eldəniz Quliyevin yazdıqlarında təhqir məqamlarının olduğu barədə rəy verib.
“Media forum” saytına açıqlamasında Eldəniz Quliyev bildirib ki, oktyabrın 20-də keçirilən prosesdə Ramil Usubovun vəkili çıxış edib: “O, irəli sürdükləri iddiada göstərdikləri hər iki maddə üzrə, yəni Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə mənə üst-üstə 1 il həbs cəzası verilməsini istədi. Bu, həmin maddələrlə maksimum cəzadır. Məhkəmədən çıxışa hazırlaşmaq üçün vaxt istədik. Yəqin ki, növbəti prosesdə məhkəmə öz qərarını elan edəcək. Hər şeydən görünür ki, nəyin bahasına olursa-olsun məni aktiv ictimai-siyasi fəaliyyətdən təcrid etmək istəyirlər. Görünən dağa nə bələdçi... Yenə deyirəm, mən heç kimi təhqir etməmişəm, belə fikrim olmayıb, indi də yoxdur. Sadəcə bunu təhqir kimi yozurlar. Özləri bilər, Allahları bilər”.
Növbəti proses oktyabrın 22-də olacaq.