“Son yüz ildə türk dili İranda bir çox aşağılanmalar və yıxımlarla qarşılaşmışdır. Bu dilin üzərindəki yasaqlar hələ də qaldırılmayıb. İndi biz ən azı türkcəyə qarşı bu baxışın dəyişilməsini istəyirik”. Bu, hazırda Urmiyə Universitetində təhsil alan dil haqları müdafiəçisinin fikridir. Ehsan Salmasi Amerikanın Səsi ilə söhbətdə son vaxtlarda İran Azərbaycanı şəhərlərinin universitetlərində təhsil alan 1811 tələbə tərəfindən İran prezidenti Həsən Ruhaniyə ünvanlanan məktub, eləcə də məktubda dil haqları ilə bağlı irəli sürülən tələbləri dəyərləndirib.
Your browser doesn’t support HTML5
Salmasi Urmiyə, Təbriz, Zəncan, Marağa, Xiyav və Kəleybər şəhərlərinin universitetlərində imzalanan müraciətin əsas mehvərinin türk dili olduğunu deyir:
İranda türk millətinin ilkin haq və istəklərindən biri ana dilində təhsil almaqdır. Son illərdə bu istək daha çox gözə çarpmaqdadır. Məncə cənab Həsən Ruhani də bu tələbləri gördüyü üçün prezident seçkilərində İranda qeyri-fars etnik və millətlər, özəlliklə türklərdən səs almaq məqsədi ilə dil haqları ilə bağlı vədləri ortaya qoymuşdu.Ehsan Salmasi
“Məktubun mövzusu türk dilidir. Əsas istəklər də ana dili haqlarına görədir. İranda türk dilinin rəsmi olması, məktəb və universitetlərdə ana dilində təhsil almaq, ortada olan ayrı-seçkilikləri qaldırmaq üçün İran ana yasasının (konstitusiya) 3, 15 və 19-cu maddələrinin tam şəkildə icrası, habelə Türk Dil Qurumunun qurulması məktubda gələn istəklərdir.”
İran prezidentinə ünvanlanan məktubun hər hansı siyasi qrup ya cərəyana bağlı olmadan tamamilə tələbələr tərəfindən hazırlandığını önə çəkən Urmiyə universitetinin tələbəsi həmin məsələnin kampaniyanın uğur qazanmasında əsas rol oynadığını vurğulayır.
Güneyli dil haqları fəalı tələbələrin məktubu hazırlama prosesində bəzi maneələrlə üzləşdiyinə də diqqət çəkir.
O, Urmiyə və Sulduz (Nəğədə) şəhərlərinin Payame Noor universitetlərində toplanan imza vərəqələrinin universitet məsulları tərəfindən müsadirəsi, həmçinin Muğan bölgəsində imza toplayan Atabək Sepehrinin məmurlar tərəfindən bir neçə saatlıq nəzarət altına alınması ilə bağlı məlumat verir.
1811 tələbə tərəfindən imzalanan məktubda Həsən Ruhaninin iki il öncə seçki kampaniyası zamanı Türk Dili Qurumunun təsisinə dair verdiyi sözlər də xatırladılıb. Amma, Ehsan Salmasinin sözlərinə görə, bu məktub vasitəsilə izlənilən əsas hədəf prezidentin vədləri ilə əlaqəli deyil.
Onun fikrincə, Həsən Ruhaninin verdiyi vədlər əslində əhalinin ortaya qoyduğu tələblərin əksidir:
“İranda türk millətinin ilkin haq və istəklərindən biri ana dilində təhsil almaqdır. Son illərdə bu istək daha çox gözə çarpmaqdadır. Məncə cənab Həsən Ruhani də bu tələbləri gördüyü üçün prezident seçkilərində İranda qeyri-fars etnik və millətlər, özəlliklə türklərdən səs almaq məqsədi ilə dil haqları ilə bağlı vədləri ortaya qoymuşdu.”
“Biz öyrəncilər dil haqlarını İran İslam Respublikası icraedici hakimiyyətinin başında olan şəxs yəni prezidentdən istəməyi uyğun gördük. Həsən Ruhani yerinə başqa birisi prezident olsaydı da biz istəklərimizi ortaya qoyacaydıq. Çünki bu məktub onun verdiyi vədlər deyil millətimizin istəyindən asılı olaraq yazıldı,” deyə Salmasi əlavə edir.
Həsən Ruhani yerinə başqa birisi prezident olsaydı da biz istəklərimizi ortaya qoyacaydıq. Çünki bu məktub onun verdiyi vədlər deyil millətimizin istəyindən asılı olaraq yazıldı.Ehsan Salmasi
Güneyli tələbə həmçinin bu məktubla İranda türk dilinə qarşı olan siyasəti dəyişdirmə hədəfinin də izlənildiyini ifadə edir:
“Son yüz ildə, türk dili İranda bir çox aşağılanmalar və yıxımlarla qarşılaşmışdır. Hələ də türkcənin üzərindəki yasaqlar və qadağalar qaldırılmayıb. İndi biz ən azı dilimizə qarşı bu baxışın dəyişilməsini istəyirik.”
Ehsan Salmasi son vaxtlarda Azərbaycan vilayətlərində bələdiyyələr və şəhər şuraları üzvləri tərəfindən əhalinin tələbləri istiqamətində atılan bəzi addımları müsbət dəyərləndirsə də bu addımların yetərli olmadığını ifadə edir.