Facebook fəalının anası: İşləyənim yox, qazananım yox, insanların verdiyi tikələrlə necə yaşaya bilərəm ? [Video-müsahibə]

Your browser doesn’t support HTML5

Həbsdə olan “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi Əbdül Əbilov anası Nurcahan Əbilovanın Amerikanın Səsinə müsahibəsi

Həbsdə olan Facebook fəalı Əbdül Əbilovun anası Nurcahan Əbilova Amerikanın Səsinə müsahibəsində ailənin ağır sosial durumundan, oğlunun sifarişlə həbsindən danışıb.

“Mənim oğlumu şərləyib həbs ediblər. O Facebook-dakı fəaliyyətinə görə həbs edilib. Əbdül haqsızlığa qarşıdır”, o qeyd edib.

N.Əbilova deyib ki, narkotiki oğlunun cibinə qoyublar. “Əbdülü tutmuşdular. Əlləri qandallı halda evə gətirdilər. Mən onun evdəki gödəkcəsinin cibinə salafan torbada qoyduqları narkotiki əllərində tutdum. Ancaq məni itələyib oğlumun cibinə qoydular və sonra oradan çıxardılar. Dedilər hay-küy salma, istəsək Əbdülün cibindən 5 kiloqram da narkotik çıxara bilərik”, ana bildirib.

Nurcahan Əbilova oğlunun həbsindən sonra ailəsinin çox ağır durumda olduğunu deyib. “Oğlum ailənin yeganə təminatçısı idi. O həbs edildikdən sonra həyat yoldaşını göndərdim atası gildə qalsın. Özüm isə rayona getdim. Bir müddət qardaşımgildə qaldım. İndi Bakıya qayıtmışam. Bu ana oğulsuz, gəlinsiz necə yaşaya bilər? İşləyənim yox, qazananım yox, insanların verdiyi tikələrlə necə yaşaya bilərəm?”, o göz yaşları ilə sual edir.

N.Əbilova hökumətdən sual edir ki, insanları haqsız yerə niyə həbs edir? “Mən şikayətlər etmişəm. Məni qəbul edən də olub, qəbul etməyəndə. Amma şikayətə baxan yoxdur”, ana qeyd edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Facebook”da “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi Əbdül Əbilov 5 il 6 ay həbs cəzasına məhkum edilib.

Əbdül Əbilov ötən il noyabrın 22-də tutulub. O, narkotik alverində ittiham olunur. Əbdül Əbilov həbs edildikdən sonra “Facebook”da “Yaltaqlara dur deyək” səhifəsi bağlanıb.

Əbilov məhkəmədə son sözündə deyib ki, o yaltaqlığa adət etməyib. “Kiçik yaşımdan bəri atasız böyüdüyüm bu həyatda, həyatın bütün çətinliklərini yaşamışam. Bu yaşıma kimi haram tikə yeməmişəm. Haram tikə ilə bəslənsəydim, haqq sözünü demək cəsarətini özümdə tapa bilməzdim. Mövcud olan idarəetmə sisteminin, xüsusən də məmur səriştəsizliyi ailəmin bir üzvünün ölümünə səbəb oldu, min bir əziyyətlə aldığım avtomobilimə və sağlamlığıma vurulmuş ziyan hüquq mühafizə orqanları əməkdaşlarının "səyi" ucbatından bu günə qədər də ödənilməyib.

Mən zindanda çəkdiyim əzablardan daha ağır əzablar çəkmişəm. Amma anam və ailəmə əzab verməmişəm. Mənim həbsimə görə anamın və ailəmin çəkdiyi əzablar mənə əzab verir. Bu əzabları bizə yaşadanlar bu dünyada da, olmasa axirətdə mütləq cəzalarını çəkəcəklər. Həqiqətdən yüksək, qanun yoxdur”, o qeyd edib.

Onun fikrincə, ölkədə bu gün baş verən repressiyalara göz yummaq yaltaqlıqdır, ikiüzlülükdür, laqeydlikdir, qorxaqlıqdır. “Şəxsiyyəti olan insan, haqsızlığa susmamalıdır. Yaltaqların, qorxaqların ucbatından mən bu günə kimi həbsdəyəm. Mənim də yaltaqlıqla yaxşı yaşamaq imkanım olduğu halda bunu özümə ar hesab etdim Allahın verdiyi bir ömrü bu abırla keçirtməyi özümə rəva bilmədim.

Bu milli repressiyaların nəticəsi, insanları həbslərlə bezdirmək və ölkəni tərk etdirməyə hesablanıb. Rejimin istədiyi də, budur ki, biz ya avtoritar idarəetmə sistemi ilə razılaşıb onlar üçün qul kimi işləməliyik, ya da ki, ölkəni tərk etməliyik. Xalqın haqqını tələb edən xalqın düşməni ola bilməz. Xalqın düşməni, onun haqqını tapdalayanlardır”.

O deyib ki, admini olduğum "Yaltaqlara dur deyək" səhifəsinin əsas məqsədi, yaltaqları cəmiyyətə tanıtdırmaq və onları ictimai qınağa çəkmək idi. “Bizim cəmiyyətimizdə xalqa yaraşmayan yaltaqlıq son illərdə adi hal kimi qarşılanmaqdadır. Bir cəmiyyətdə ki, yaltaqlıq baş alıb gedir, deməli o cəmiyyətdə qanunlar işləmir. Ölkədə yaltaqlıq elə bir iyrənc səviyyədədir ki, yaltaqlıqla şərəf ordeni alanlar kifayət qədərdir”.