Əbdül Əbilov: Ölkəni Şimali Koreyaya çevirə bilməyəcəklər [Video]

Your browser doesn’t support HTML5

Əbdül Əbilov

O, siyasi motivlərlə və facebookda fəallığına görə həbs edildiyini bildirir
Mayıın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə 31 yaşlı fəal, facebook istifadəçisi Əbdül Əbilov barəsində məhkəmə prosesi davam edib.

Proses başlamazdan əvvəl Əbdül Əbilov zalda iştirak edənlərə “Ölkəni Şimali Koreyaya çevirə bilməyəcəklər”, deyə bildirib.

Vəkil Xalid Bağırov əlavə şahidlərin dindirilməsini istəyib. "Əbdül Əbilov 22 noyabr 2013-cü ildə saxlanılarkən bu şahidlər onu görüb", o qeyd edib.

Hakim vəsatəti təmin edib.

Müdafiə tərəfin şahidi Mahir İsmayılov məhkəmədə ifadə verərkən bildiib ki, təqsirləndirilən Əbdül Əbilovu yaşadığı məhlənin həyətinə əli qandallı mülki geyimlilər gətirib. Lakin onun necə və hara apardığından məlumatı olmayıb.

Bu zaman prokuror Ramin Nağdəliyev şahidə etiraz edərək deyib ki, ittiham aktında Əbdül Əbilov saxlanılan zaman əli qanddalı olmadığı göstərilib.

Bununla belə o hakimin Əbdülün narkotik istifadəçisi olub - olmadığını soruşduqda şahid "yox" cavabını verib.

Hakimlərin şahidi intensiv olaraq sorğu-suala tutması zalda oturan iştirakçıların etirazına səbəb olub və bu zaman mübahisə düşüb.

Hakim etirazçıların məhkəməyə hörmətsizlik etdikləri üçün zalı tərk etmələrini tələb edib.

Əbdül Əbilov bu zaman , - “Məni buarada saxlamağınız hörmətsizlikdir. Sizə nə deyəcəklər, onu da edəcəksiniz”, deyə hakimlərə etiraz edib.

Hakim isə ona qarşılığında, - “lazım deyil burada münəccimlik etmək”, deyə cavab verib.

Daha sonra digər şahid Abdullayev Təşkilat dindirilib.

O, da məhkəməyə ifadəsində deyib ki, Əbdül Əbilovun tutulub aparıldığını eşidib və sonradan Əbilovu bir neçə nəfərin əli qandallı evlərinə gətirildiyini görüb.

Hakimin - "Əbdülü niyə tutublar?", sualına şahid “Siyasət üstündə tutublar. Eşitdim ki, mülki geyimlilər onun kompüterini götürüblər. Kompüterdə nə isə yzırmış”, deəy cavab verib.

Bundan sonra məhkəmə prosesində 3-cü şahidin gəldiyi elan olunsa da, həmin şahidin şəxsiyyət vəsiqəsi olmadığı məlum olub.

Hakim növbəti prosesi mayın 15-nə təyin edib.

Əbdül Əbilov 22 noyabr 2013-cü ildə Yasamal rayonunda öz evinin yaxınlığında Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (MCMİ) əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən guya onun cibindən 2,679 qr heroin olan sellofan paket tapılıb, kirayə qaldığı evdən isə 4,677 qr heroin tapılıb.

Əbilov 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan Cinayət Məcəlləsinin 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz saxlanılması və ya satışı) maddə ilə cinayət məsuliyyətinə cəlb edilib.

Məhkəmədə gənc bildirib ki, siyasi motivlərlə və facebookda fəallığına görə həbs edilib.