Aprelin 17-də Vaşinqtonda qərargahlanan Karnegi Beynəlxalq Sülh Fondunda Deyvid Filipsin “Diplomatik Tarix: Türkiyə-Ermənistan Protokolları” adlı monoqrafiyasının təqdimatı keçirildi. Kolumbiya Universitetinin İnsan Haqları üzrə Araşdırma İnstitutu və Harvard Kennedi Məktəbinin Diplomatiyanın Gələcəyi Layihəsi tərəfindən birgə hazırlanmış sənəddə 2009-cu ildə Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin normallaşdırılmasına dair imzalanmış protokolun tarixindən bəhs edilir. Müəllif Filips monoqrafiyanı onun ABŞ, Türkiyə, Ermənistan və İsveçrə rəsmiləri ilə geniş təmasları əsasında yazdığını bildirdi.
Filipsin sözlərinə görə ictimai təzyiqlər fonunda protokolların kiçik detalları üzərində belə uzun çəkişmələr gedirdi. ABŞ və İsveçrə diplomatları ən yüksək səviyyədə tərəfləri razı salmağa və yekun imzalanmanın həyata keçməsinə çalışırdılar. O biri tərəfdən Azərbaycan Türkiyə ilə münasibətləri gərginləşdirməklə bu səylərə ciddi əngəl törədirdi. İş o yerə çatmışdı ki, oktyabrın 10-da protokolların imzalanacağı gündə artıq tərəflər arasında qarşılıqlı xoş məram demək olar ki, buxarlanmışdı.
Sonrakı aylarda baş verən proseslər imzalanmış sənədin ratifikasiyasını qeyri-mümkün etdi. Bu hala rəvac verən başlıca faktor kimi Deyvid Filips baş nazir Rəcəb Təyyib Ərdoğanın davranışını önə çəkdi. Filipsin sözlərinə görə Ərdoğanın Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ məsələsini diplomatik protokollarla əlaqələndirməsi, erməni mühacirləri ölkədən deportasiya etmək barədə hədəsi, Türkiyə-Ermənistan sərhədində yerləşən dostluq abidəsini sökdürməsi Ankara ilə Yerevan arasında uçurumu bir qədər də dərinləşdirdi. Bundan əlavə, Filips Ermənistan rəsmilərinin prosesdə şəffaflığı təmin etməməsini və ictimaiyyəti danışıqlar prosesindən təcrid etməsini tənqid etdi. Onun sözlərinə görə dövlət rəsmilərinin öz aralarında məsələ harqda qərar verməsi cəmiyyətədə böyük şübhələr doğurdu və onun müvəffəq olmamasına şərait yaratdı.
Deyvid Filips ABŞ-ın protokollar imzalandıqdan sonra onların taleyinə tələb olunan diqqəti ayırmamasından gileyləndi. Onun fikrincə, Türkiyə ilə Ermənistan arasındakı münasibətləri normallaşdırmaq üçün ABŞ xeyli kapital sərf etmişdi. Amma məsələ ilə balı xüsusi elçi təyin etməməklə və bu mühüm məsələni dövlət katibi yardımçısının öhdəsinə buraxmaqla ABŞ şansı qaçırdı.