Accessibility links

Prezident Obama 24 aprel mesajında “soyqırım” sözünü işlətmədi


ABŞ prezidenti Barak Obama prezidentliyinin dördüncü ili ənənəvi 24 aprel mesajında əvvəlki illər olduğu kimi yenə də “soyqırım” sözünü işlətməyərək, erməni dilində “böyük fəlakət demək olan Meds Yegern ifadəsinə yer verib.

“Bu gün 20-ci əsrdə baş vermiş ən dəhşətli hadisələrdən biri olan Meds Yegerni anırıq. Osmanlı impertorluğunun son günləri vəhşicəsinə qətlə yetirilən, ya da ölümə göndərilən 1,5 milyon erməninin xatirəsi anılır” –deyə prezident Obamanın bəyanatında deyilir.

Prezident Obama 1915-ci ildə baş vermiş hadisələrlə bağlı fikirlərini dəfələrlə ifadə etdiyini və görüşlərinin dəyişmədiyini qeyd edib. Cənab Obamanın yazılı bəyanatında deyilir ki, gələcəyə doğru irəliləmək keçmişdə baş vermiş faktlar nəzərə alınmadan mümkün deyil. “Gerçəklərin tamamilə düzgün, dürüst və ədalətli şəkildə qəbul edilməsi hamımızın marağındadır. Bəzi insanlar artıq irəliyə doğru bu addımı atıb. Birləşmiş Ştatlar bunu öz tarixində dəfələrlə edib və mən inanıram ki, bunu etməklə biz daha güclü olmuşuq. Biz bu cəsarətli yolu seçmiş ermənilər və türkləri alqışlayırıq və bir çoxlarının öz hökumətləri və mənim hökumətimin dəstəyi ilə bu yolu seçəcəyinə ümid bəsləyirik”-deyə prezidentin yazılı mesajında deyilir.

Prezident Obama Ağ Ev tərəfindən açıqlanan bəyanatda habelə Amerika ermənilərinin Birləşmiş Ştatların unikal atmosferində verdiyi töhfələri xüsusi qeyd edib.

Cənab Obama senator və prezidentliyə namizəd olduğu zaman ermənilərin iddia etdiyi soyqırımın tanınmalı olduğunu bildirmişdi. Lakin prezident olduğu dörd ildə hər dəfə 24 aprel mesajında özündən əvvəlki Amerika prezidentləri kimi “soyqırım” ifadəsini işlətməkdən imtina etmişdi. Prezident Obama administrasiyası “soyqırım” ifadəsinin ABŞ və Türkiyə arasında münasibətlərə zərər vura biləcəyini bəyan etmişdi.

ABŞ-dakı erməni lobbisi prezident Obamanın 24 aprel mesajında “soyqırım” sözünü işlətməməsindən narazılığını ifadə edib. Amerikada fəaliyyət göstərən erməni lobbi təşkilatlarının nümayəndələri prezident Obamanı seçki kampaniyası zamanı vediyi vədə əməl etməməkdə günahlandırır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG