İctimai Palata Bakı meriyasının qarşısında piket keçirib (VİDEOLAR/FOTOLAR)

Etirazçılar “İstefa!”, “Azadlıq!”, “Evimizi sökdünüz-pulumuzu verin!” şüarları səsləndirib.

Müxalifət qüvvələrinin cəmləşdiyi İctimai Palatanın 150-yə yaxın tərəfdarı toplaşma azadlığının pozulmasına etiraz olaraq Bakı meriyasının qarşısında piket keçirib. Aksiya iştirakçıları İstiqlaliyyət küçəsi boyunca irəliləyərək Bakı meriyasına yürüş edib. Onlar yol boyunca “İstefa!”, “Azadlıq!”, “Evimizi sökdünüz-pulumuzu verin!” və digər şüarlar səsləndirib.
Polis etirazçıları Bakı meriyasının qarşısında saxlayıb və onları geriyə sıxışdırıb.


Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu bildirib ki, aksiya baş tutub. O, müxalifətçiləri dağılışmağa çağırıb.
Aksiya zamanı bir neçə müxalifətçi saxlanıb. Lakin, Səbayel rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov bildirib ki, piket iştirakçılarından heç kim saxlanmayıb.
Aksiyanı çoxsaylı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri izləyib.