Cəsur Sümərinli: İranın nüvə çalışmaları Azərbaycan üçün ciddi təhlükədir (Audio)

Prezident Əliyev Seulda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir.

Azərbaycan prezidenti İlham Əliyev Seulda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir. Əllidən çox ölkənin dövlət və hökumət başçısının iştirak etdiyi yüksək səviyyəli toplantıda nüvə təhlükəsizliyinin əsas məsələləri, - nüvə terrorçuluğuna qarşı mübarizə, nüvə materiallarının və nüvə qurğularının mühafizəsi, nüvə materiallarının qanunsuz dövriyyəsinin qarşısının alınması, Fukusima Atom Elektrik Stansiyasında baş verən hadisə fonunda nüvə təhlükəsizliyi problemləri müzakirə olunur.

“Doktrina” Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanın regionda nüvə təhlükələrinin, kütləvi qırğın silahlarının, onların material və komponentlərinin yayılmasının qarşısının alınmasında mühüm ölkə olduğunu bildirib. Azərbaycan nüvə terrorçuluğunun qarşısının alınması və kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması üzrə qərb dövlətləri və Amerika ilə aktiv əməkdaşlıq edir. “İranın nüvə silahı yaratmağa cəhd etməsi dünya ölkələri kimi, Azərbaycan üçün də ciddi təhlükədir. Azərbaycan Rusiyadan İrana və əksinə kütləvi qırğın silahları ilə bağlı olan yüklərin daşınmasının qarşısının alınmasında mühüm işlər görür. Eyni zamanda, regionda, o cümlədən Xəzər vasitəsi ilə nüvə xarakterli yüklərin müəyyən edilməsi üçün Azərbaycanda xüsusi sistemlər quraşdırılıb. Həmçinin, Amerika hökumətinin dəstəyi ilə gömrük, sərhəd-keçid məntəqələrində nəzarət sistemi yaradılıb. Mütəxəssislərin hazırlanması, treninqi və maarifləndirilməsi məqsədi ilə Amerikanın dəstəyi ilə layihələr həyata keçirilıir”, - deyə o qeyd edib.

Ekspert, Azərbaycan prezidentinin Sammitdə iştirakını müsbət qiymətləndirir. Onun fikrincə, İranın nüvə silahı yaratmaq istiqamətində səyləri Azərbaycan tərəfindən pislənməlidir. “Azərbaycan İrana qarşı sanksiyaları dəstəkləməlidir”.

Cənab Sümərinli regiondakı Atom Elektrik Stansiyalarında nüvə materiallarının təhlükəsiz saxlanmasını da vacib sayır. “Bu baxımdan Ermənistandakı atom elektrik stansiyasında saxlanan nüvə materiallarının beynəlxalq standartlara cavab vermədiyi deyilir. Beynəlxalq ekspertlər Atom Elektrik Stansiyasının region üçün ciddi təhlükə olduğunu dəfələrlə xatırladıb”.