Accessibility links

Vaşinqtonda Debat: İrana hücum etməyin vaxtı çatıbmı?


Jamie Fly-ın sözlərinə görə əsas problem İranın nüvə proqramı yox, rejimin mahiyyətidir. Nə qədər ki, hakimiyyətdə teokratik qüvvələr dayanır, İran regional və qlobal sabitliyə təhlükə olaraq qalacaq. Ona görə də ABŞ və onun müttəfiqləri simptomları aradan qaldırmaq əvəzinə, xəstəliyi müalicə etmək haqda düşünməli və İranda rejim dəyişikliyi istiqamətində səyləri gücləndirməlidirlər.

Amerikanın Səsi məlumat verir ki, martın 7-də Xarici Siyasət Təşəbbüsü (FPI) institutunun sponsorluğu ilə Vaşinqtonda “İran Hücum Etmək Vaxtı Çatıbmı?” başlıqlı debat keçirildi. Debat iştirakçıları Donanma Təhlil Mərkəzinin (CNA) eksperti Elbrdige A. Colby, Georgetown Unviersitetinin professoru Matthew Kroenig və FPI eksperti Jamie M. Fly İslam Respublikasına qarşı hərbi ölçülər götürməyin müxtəlif aspektlərini müzakirə etdilər. İsrail baş naziri Benyamin Netanyahunun ABŞ-da İranla bağlı verdiyi bəyanatlar və İranın nüvə proqramı ətrafında intensivləşməkdə olan beynəlxalq qarşıdurma fonunda debat aktual xarakter daşıyırdı.

İlk öncə söz alan Matthew Kroenig hesab etdiyini bildirdi ki, İrana hücüm variantı nüvə silahlı İran reallığından daha üstün seçim olardı. Onun fikrincə, əgər İslam Respublikası atom bombası əldə etsə, onda ABŞ-ın Yaxın Şərqdə və qlobal miqyasda maraqları ciddi təhlükə ilə üzləşəcək. Xarici hücuma qarşı təminat almış İran rəhbərliyi qonşuları ilə münasibətlərdə daha çox azğınlıq nümayiş etdirəcək və regionda hegemonluq cəhdlərini gücləndirəcək. İndiyədək diplomatik danışıqların və sanksiyaların ciddi effekt vermədiyini və bundan sonra da verməyəcəyini deyən Kroenig İranın nüvə obyektlərinə qarşı cərrahiyə metodlu hava zərbələri endirməyə tərəfdar olduğunu bildirdi. Onun sözlərinə görə, İranın nüvə proqramını dağıtmağa yönəlmiş hərbi əməliyyat, əgər düzgün həyata keçirilərsə, regionu və dünyanı real hədədən hifz edə və ABŞ-ın uzun dönəmdə təhlükəsizlik durumunu xeyli yaxşılaşdıra bilər.

İrana hücum etməyin əleyhinə çıxan Elbdridge Colby arqumentlərini üç başlıca müddəa ilə əsaslandırdı. Onun sözlərinə görə, birincisi, nüvə silahlı İrana qarşı keçmişdə başqa dövlətlərə qarşı effektivliyini göstərmiş çəkindirici siyasət tətbiq etmək mümkündür. ABŞ vaxtikən Sovet İttifaqı, Çin və Şimalı Koreyanın nüvə proqramlarına qarşı da qabaqlayıcı hücumlar nəzərdən keçirirdi. Amma sonda buna lüzum olmadı, çünki hazırda İranda olduğu kimi bu dövlətlərin də başçıları rasional insanlar idi və onlar anlayırdılar ki, atom bombasından istifadə etmək özlərinin və rejimlərinin sonu demək olacaq. İkincisi, o, İranın hücumlara qarşı əl atacağı cavab tədbirlərinin ABŞ və dünya ictimaiyyəti üçün destruktiv potensiallarını önə çəkdi. İrana qarşı zərbələr beynəlxalq ictimaiyyətdə parçalanmaya səbəb olacaq, İran rejimini daxildə gücləndirəcək və neft qiymətlərini bahalaşdırmaqla dünya iqtisadiyyatını təlatümlə üzləşdirəcək, deyə Colby bildirdi. Üçüncü və ən başlıca arqument isə hərbi zərbələrin İranın nüvə proqramına son qoyacağına təminat verməməsidir. ABŞ vaxtikən Şimali Vyetnamda və İraqda oxşar bombardman əməliyyatları ilə düşməni nəzarətdə saxlamağa çalışırdı, lakin sonda bu səylər nəticə vermədi. Colby hücumların konkret bəhrə vermədən daimi müharibəyə yol açacağından və külli miqdarda insan həyatının məhv olacağından narahatlığını ifadə etdi.

FPI eksperti Jamie Fly Kroenig və Colby-nin arqumentlərinin müəyyən həqiqətləri əks etdirdyini, eyni zamnda onların qüsurlu olduğunu qeyd etdi. Onun sözlərinə görə Colby-nin sərgilədiyi mövqe nəinki Buş, hətta Obama administrasiyasının da mövqeyinə uyğun gəlmir. Belə ki, hər iki administrasiya atom bombasına sahib İranın qəbuledilməz olduğunu bəyan edib. İran rejiminin qlobal terrorizmin başlıca sponsoru olduğunu və İsraili məhv edəcəyini dəfələrlə bəyan etməsini xatırladan Colby atom bombası ilə silahlanmış İranın Yaxın Şərq kimi onsuz da qaynar regionda qüvvə balansını dəyişəcəyini və sabitliyi pozacağını qeyd etdi. O biri tərəfdən, İrana qarşı məhdud zərbələrin endirilməsi problemi köklü şəkildə həll etmir, və qarşıdurmanı eskalasiya etdirməkdən əlavə nüvə proqramına əsaslı şəkildə son qoyulmasına təminat vermir. Jamie Fly-ın sözlərinə görə əsas problem İranın nüvə proqramı yox, rejimin mahiyyətidir. Nə qədər ki, hakimiyyətdə teokratik qüvvələr dayanır, İran regional və qlobal sabitliyə təhlükə olaraq qalacaq. Ona görə də ABŞ və onun müttəfiqləri simptomları aradan qaldırmaq əvəzinə, xəstəliyi müalicə etmək haqda düşünməli və İranda rejim dəyişikliyi istiqamətində səyləri gücləndirməlidirlər.

Amerikanın Səsinin məlumatına əsasən, təqimatlardan sonra sual-cavab sessiyasında Qərb kəşfiyyatçılarının məlumatlarının dürüstlüyü, ABŞ-la İsrail arasında fikir ayrılıqları, çəkindirici siyasətin mümkün mənfi fəsadları müzakirə edildi. Matthew Kroenig qeyd etdi ki, ABŞ kəşfiyyatçıları tarixən nüvə proqramı kimi mühüm məsələlərdə xətalara yol veriblər. Şimali Koreya və Pakistanın nüvə proqramlarına və İraqın kütləvi qırğın silahları proramlarına gəldikdə hesablamalarda ciddi nöqsanlar olmuşdu. Hazırda ABŞ-ın kəşfiyyat icması hökuməti əmin edir ki, İran 2003-cü ildə silahlanma prosesinə son qoyub və İranın atom bombası əldə etməsi ən azı növbəti bir il ərzində mümkün deyil. Amma başqa tərəfdən İranda sentrifuqların istehsalı xeyli sürətləndirilib və İranın israrlı şəkildə dağıdıcı sanksiyalara sinə gərməsi göstərir ki, bu dövlət həqiqətən də atom bombası əldə etməyə can atır. Elbridge Colby kəşfiyyat məlumatları barədə deyilənlərlə razılaşdığını bildirdi, amma bütün hallarda ədlə dəqiq məlumat olmadan hərəkətə keçməyin təhlükələrini sadaladı. Colby onu da qeyd etdi ki, o, pasifist deyil və lazım gələrsə İrana qarşı viranedici hücumun tərəfdarıdır. Onun sözlərinə görə ABŞ aydın etməlidir ki, əgər İran onun müttəfiqlərinə hücum etsə, onda yerlə-yeksan ediləcək.

Jamie Fly İrana hücum etməyin müxalifəti zəiflədəcəyi barədə fikirlərlə razılaşmadığını bildirdi. Bir vaxtlar müxalifətin adından danışan adamlar İran hökumətinə qarşı ciddi ölçülər götürülməməsinə çağırır, belə addımların müxalifətin daha çox əziləcəyinə gətirib çıxaracağı haqda xəbərdarlıq edirdilər. Amma artıq müxalifət də İran hökumətinə qarşı sanksiyalara tərəfdar çıxır. Fly-ın sözlərinə görə ABŞ İranda rejim dəyişikliyi həyata keçirmək üçün bütün qüvvələri səfərbər edib müxalifətə yardım etməli və lazım gələrsə, rejimin repressiv apparatını havadan hədəf almağı nəzərdən keçirməlidir. 2009-cu ildə Yaşıl Hərəkat göstərdi ki, İranda hakimiyyətin xalq arasında dayaqları xeyli zəifdir. Buna görə də ABŞ İran rejimi ilə düşmən kimi davranmaqdan çəkinməməlidir, deyə Fly qeyd etdi. O, bu xüsusda Suriyada baş qaldıran üsyana yardım etməyin vacibliyini önə çəkdi. Fly-ın fkrincə, İranın yaxın müttəfiqi olan Bəşar əl-Əsədin tezliklə devrilməsi İslam Respublikasına ağır zərbə endirər və İranda rejimə qarşı vuruşan qüvvələri ruhlandırardı.

Amerikanın Səsi bildirir ki, debat iştirakçılarına auditoriyadan İsrail-ABŞ münasibətlərinin möhkəmliyi barədə sual verildi. Jamie Fly bildirdi ki, Amerikada xalq milli təhlükəsizliyi başqa ölkəyə həvalə edən heç bir dövlət başçısını vəzifədə saxlamaz. Bu baxımdan baş nazir Benyamin Netanyahunun İsrailin təhlükəsizliyini birətərəfli qaydada qoruyacağı barədə bəyanatlarına normal yanaşmaq lazımdır. İran atom bombası əldə edərsə ABŞ-dan fərqli olaraq İsrailin mövcudluğu real təhlükə ilə üzləşə bilər. Elbrdige Colby qeyd etdi ki, ABŞ İkinci Dünya müharibəsindən bəri regiondakı müttəfiqləri qarşısında öhdəliklər götürüb və Vaşinqtonla sıx münasibətlər saxlayan İsrail, Körfəz dövlətləri, o cümlədən Türkiyə anlayırlar ki, İran tərəfindən hücuma məruz qalacaqları təqdirdə onları ABŞ-ın nüvə çətiri qoruyacaq. Kroenig müttəfiqlərlə münasibətlərdə ehtiyatlı olmağı tövsiyə etdi və İranın kəşfiyyat proqnozlarına zidd olaraq atom bombası inkişaf etdirdiyi halda Vaşinqtonun müttəfiqlər qarşısında nüfuzuna ciddi zərbə dəyəcəyini bildirdi.

XS
SM
MD
LG