Çinin Sincan regionunda polis qətliam törətmiş iki nəfəri güllələdiyini bildirir. Terrorçuluqda günahlandırılan iki nəfərin Pakistanda təlim keçdikləri deyilir. Polis onların Kaşqar şəhərində qarğıdalı zəmisində gizləndiklərini deyib. Onlar bazar günü həmin şəhərdə altı nəfəri öldürmüş və 15 nəfəri yaralamışdılar. Polis deyib ki, hücumda əli olan terrorçuların hər biri ya öldürülüb, yaxud həbsə alınıb.
Bazar günü Çinin Qırğızıstan və Özbəkistanla sərhədində yerləşən İpək Yolu şəhərində baş vermiş hücumda azı 20 nəfər həlak olmuşdur. Rəsmilər hücuma rəhbərlik edən şəxslərin Pakistanda Şərqi Türküstan İslamçı hərəkatına məxsus düşərgədə təlim keçdiklərini deyir. Ekstremist qrup Sincan regionunda məskunlaşan etnik Uyğur icması üçün müstəqillik tələbi ilə hücumu həyata keçirmişlər.
Vaşınqtonda Uyğur Amerika Assosiasiyası hadisəyə dair təəssüf hissi keçirdiyini deyib və qeyd edib ki, əlacsızlıq, təhdid və ümidsizlik atmosferi uyğurların əksəriyyətini bu cür əməllər törətməyə sövq edir. Təşkilat deyib ki, Çin hökuməti bu cür atmosferin yaranmasına məsuliyyət daşıdığını etiraf etməli və uyğurlara qarşı zülmə son qoymalıdır.
Pakistan Xarici İşlər Nazirliyi Şərqi Türküstan İslamçı hərəkatı ilə mübarizə aparmaq üçün Çini əməkdaşlıq etməyə çağırıb. Bu təşkilat ABŞ və bir çox başqa ölkələr tərəfindən terrorçu təşkilat hesab edilir.
Kaşqar şəhərində şənbə günü iki nəfər bir maşını ələ keçirərək maşının sürücüsünü öldürüb. Bundan sonra onlar maşını kütləyə doğru sürüblər. Rəsmilər hücumçuların maşından enərək qarşılarına çıxan adamları öldürdüklərini deyiblər.