İnsan haqları qrupları uyğurların ardıcıl olaraq Malayziya, Pakistan və Tailanddan deportasiyasını tənqid edərək bildirir ki, onların Çinə göndərilməsi qərarı insan haqları pozuntusu, eləcə də beynəlxalq qanunların pozuntusudur. Qruplar bildirir ki, Çin bu ölkələrə deportasiyaları sürətləndirmək məqsədilə diplomatik təzyiqlər göstərir.
“Amnesty International” və “Human Rights Watch” bildirir ki, Malayziyada həbs olunaraq Çinə göndərilən 11 uyğur işgəncə və sərt həbs cəzaları ilə üzləşə bilər. Bu 11 nəfər avqustun 6-da həbs edilən 16 nəfər arasında olub.
Tailand miqrasiya rəsmiləri də bu ayın əvvəli uyğurları həbs edib. Human Rights Watch bildirir ki, eyni addım Pakistanda da atılıb.
Təşkilatın direktor müavini Fil Robertsonun sözlərinə görə, deportasiyalar uyğurların hədəf alınmasının bir hissəsidir: “Hər şeyi bir araya gətirəndə bu, Çin hökuməti tərəfindən mühacirətdə olan uyğurlara qarşı koordinasiyalı kampaniyaya oxşayır. Çin hökuməti bu hökumətləri onların öz hüquq sistemləri və ümumiyyətlə prosedurlar əleyhinə getməyə, onları Çin səfirliyinə təhvil verməyə məcbur edir və daha sonra onları təcili Çinə göndərir”.
Tailandda uyğur Nur Məhəmməd 2009-cu ildə Sincan vilayətində nümayişlər və zorakılıqlar baş qaldırandan sonra Çindən qaçıb. Human Rights Watch deyir ki, Çin Məhəmmədi terror qruplaşmasının üzvü olmaqda ittiham edir. O, Tailand Miqrasiya qanunlarına görə, ölkəyə qanunsuz daxil olmaqla günahkar bilinərək hüquqi proses keçmədən Banqkokda Çin rəsmilərinə təhvil verilib.
Malayziya paytaxtı Kuala Lumpur və Cohor Baru şəhərində 16 nəfər həbs edilib. Onlardan 11-i BMT rəsmiləri məsələni nəzərdən keçirməmiş Çinə deportasiya olunub. BMT Qaçqınlar Komitəsi indi Malayziya hökumətinə təzyiq göstərərək ölkədə qalan digər uyğurlarla görüşmək istəyir.Malayziya rəsmiləri deportasiya addımını dəstəkləyərək deyib ki, uyğurlar insan alverində iştirak ediblər.
2009-cu ildə Kamboca BMT Qaçqın Agentliyinin himayəsində olan bir uyğur hamilə qadın və iki körpə uşağı deportasiya etmişdi.
BMT Qaçqınlar Ali Komisarlığının regional sözçüsü Kitti MakKinsi deyir ki, uyğurların statusu müəyyən olunmadan onların deportasiyası narahatlıq doğurur: “Biz siyasi sığınacaq almaq istəyənlərin və ya qaçqınların xüsusilə məcburi Çinə göndərilməsindən narahatıq. Bu, o deməkdir ki, onların haqları və azadlıqları, o cümlədən həyatları təhlükə altında ola bilər”.
Çin rəsmiləri uyğur qrupları Sincan vilayətində zorakı iğtişaşlar törətməkdə ittiham edir. 2009-cu ildə gənginliyin yüksək olduğu vaxt uyğurlarla Han çinliləri arasında yaşanan insidentlər zamanı 197 nəfər həlak olmuşdu.
Türkdilli müsəlman xalq olan uyğurlar əsasən Çinin qərb hissəsində məskunlaşıb.